İDMAN
Bədən Tərbiyəsi və İdman Akademiyasındakı seminarda Azərbaycanın bütün bölgələrində çalışan üzgüçülük üzrə məşqçilər iştirak edirlər
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə üzgüçülük üzrə məşqçilər üçün seminar başlayıb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin rəsmi hissəsində çıxış edən Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev seminarın təşkilinin əhəmiyyətini vurğulayıb: “Dövlətimizin başçısı Azərbaycanda su idman növlərinin daha da inkişaf etdirilməsini qarşımıza məqsəd qoyub. Bunun üçün dövlətimiz tərəfindən hər bir şərait yaradılıb. Bu sahənin inkişafına Gənclər və İdman Nazirliyi də dəstəyini göstərir. Biz də öz növbəmizdə yeni bir sistemlə işimizi qurmağı nəzərdə tutmuşuq. Bunun üçün də bir sıra yeniliklər etməyi planlaşdırmışıq. Bu məqsədlə hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, beynəlxalq dərəcəli məşqçi İvan Petrovu federasiyada idman direktoru vəzifəsinə dəvət etmişik və onunla müqavilə imzalamışıq. Su idman növləri üzrə peşəkar bir idmançı olmuş, bu sahədə ən perspektivli mütəxəssislərdən sayılan İvan Petrov ölkəmizdə su idman növlərinin inkişafı və təbliği sahəsində təcrübələrini mütəxəssislərimizlə, həmçinin idmançılarımızla bölüşəcək”.
Federasiyanın prezidenti vurğulayıb ki, qurum yalnız Bakı və Sumqayıtda deyil, bütün bölgələrdə su idman növlərinin, o cümlədən üzgüçülüyün inkişaf etdirilməsini əsas prioritet hesab edir: “Bu gün federasiyanın yeni konsepsiyası əsasən, regionlarda üzgüçülüyün və digər su idman növlərinin daha da inkişaf etdirilməsidir. Seminarda Bakı və Sumqayıtla yanaşı, Azərbaycanın bütün bölgələrində çalışan üzgüçülük üzrə məşqçilər iştirak edirlər. Məqsəd onlara müasir üzgüçülüyün yeniliklərini çatdırmaq və onlar arasında daha peşəkar məşqçilər yetişdirməkdir. Bu məqsədlə iyul-avqust aylarında Macarıstandan daha iki-üç məşqçinin ölkəmizə dəvət olunmasını planlaşdırırıq. Ümidvaram ki, yaxın zamanlarda görülən işlərin müsbət nəticələri özünü göstərəcək”.
Sonra İvan Petrov seminar iştirakçıları üçün mühazirəsinə başlayıb. Müxtəlif slaydlar və video süjetlər, həmçinin beynəlxalq təcrübələr əsasında hazırlanan çıxışlar məşqçilərdə maraq oyadıb.
İki gün davam edəcək seminara Azərbaycanda inşa edilmiş Olimpiya komplekslərinin, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarının məşqçiləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üçüncü-dördüncü kurslarında əyani və qiyabi təhsil alan tələbələr dəvət olunublar. Seminarda ümumilikdə 170-ə yaxın məşqçi iştirak edir. Mayın 8-də də davam edəcək seminarın sonunda iştirakçilara sertifikatlar veriləcək.