CƏMİYYƏT
Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri Böyük Britaniyanda təcrübə keçirlər
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada səfərdədirlər.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində proqramın ikinci kurs tələbələri London, Şeffield, Koventri, Stradford, Mançester və digər şəhərlərində ölkənin mədəni, ictimai həyatı ilə tanış olmaqla yanaşı, ixtisasları üzrə bir sıra qurum və təşkilatlarda da olacaqlar. Buraya BBC-nin əsas və regional ofisləri, Böyük Britaniyanın tanınmış media və PR təşkilatları, həmçinin tarixi əhəmiyyətli məkanları daxildir.
Bundan başqa, səfər zamanı tələblərə akademiyanın tərəfdaş universiteti olan Böyük Britaniyanın Şeffield Hallam Universitetində əsas modullardan biri intensiv şəkildə tədris olunmağa başlayıb. Belə ki, tələbələr həmin təhsil ocağının radio və TV studiyaları ilə tanış olub, bu sahədə ixtisaslaşmış müəllim və ekspertlərin mühazirələrini dinləmək imkanı əldə edirlər.
Qeyd edək ki, idman jurnalistikası magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Bu magistr ixtisası nəinki Azərbaycanda, Qafqaz regionunda ilkdir. Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
İdman jurnalistikası proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.
Bu magistr proqramında təhsil alacaq tələbələr onlar üçün xüsusi yaradılmış multimedia mərkəzində PR, audio və video jurnalistika, online media, idman jurnalistikasının xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.