ELM VƏ TƏHSİL
Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərin nəzərinə
Bakı, 20 iyun, AZƏRTAC
Bu gündən Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları başlayıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanların əvvəlcə Bakıda, iyunun 22-də İsmayıllıda, 23-də isə Xaçmazda keçirilməsi nəzərdə tutulur. Tovuz və Naxçıvanda keçiriləcək imtahanlar haqqında yaxın günlərdə məlumat veriləcək.
Əvvəlcə, ölkə üzrə məşqçilik komissiyaları (61, 78 və 84), daha sonra isə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi komissiyaları (62, 79 və 85) üzrə imtahanlar keçiriləcək. Bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların 61, 62, 78, 79, 84 və 85-ci komissiyaların hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunacaq. Qiymətlərin şamil edildiyi komissiyalar üzrə artıq nəticələr bəlli olacağına görə həmin komissiyalar üzrə buraxılış vərəqləri verilməyəcək və abituriyentin yenidən imtahanda iştirak etməsinə ehtiyac olmayacaq. Əgər abituriyent təqvimə görə birinci iştirak etdiyi komissiyadan qeyri-məqbul alarsa, onda qeydiyyatdan keçdiyi növbəti komissiyalar üzrə imtahanlarda iştirak üçün buraxılış vərəqəsini çap edə biləcək.
Mərkəz abituriyentlərin nəzərinə çatdırır ki, imtahana gələrkən mütləq özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və sağlamlıq haqqında arayışı (086U formalı) gətirsinlər. İmtahana gecikən abituriyentlər imtahana buraxılmayacaq.