ELM VƏ TƏHSİL
Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ixtisas seçimi zamanı abituriyentlərə kömək etmək məqsədilə məsləhət verilməsi təşkil edilir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, akademiyada yalnız 5-ci ixtisas qrupuna aid bədən tərbiyəsi və idman istiqaməti üzrə ödənişsiz məsləhətlər verilir.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin bazar ertəsi və cümə günləri, saat 10:00-dan 17:00-dək akademiyaya müraciət edə bilərlər.
Xatırladaq ki, məşqçilik, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ərizələrində qeyd etmək istəyən abituriyentlər nəticələri elan olunduqdan sonra qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayış təqdim etməlidirlər. Əks halda onlar qəbul olunanların siyahısından çıxarılacaq.