ELM VƏ TƏHSİL
Bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri müzakirə edilib
Bakı, 19 noyabr, AZƏRTAC
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat və orta ixtisas təhsili səviyyələri üzrə keçiriləcək bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət imtahanlarına dair işçi qrupunun iclası keçirilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iclasda bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, orta ixtisas təhsili və ümumi təhsil məktəblərinin mütəxəssisləri iştirak ediblər. 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri, qəbul proqramları, normativlər və QABİS informasiya sistemində ekspertlər haqqında məlumatların yerləşdirilməsi müzakirələrin əsas mövzusu olub.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək.