REGİONLAR


Bədənində düşmən gülləsini gəzdirən Ağcabədi sakini - REPORTAJ

Ağcabədi, 12 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

2018-ci il aprelin 18-də təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanan Ağcabədinin Yuxarı Qiyaməddinli kənd sakini Rahim Hacıyev hələ də düşmən gülləsini bədənində gəzdirir.

AZƏRTAC-ın bölgə müxbiri Yuxarı Qiyaməddinli kəndinə gedərək Rahim Hacıyevin ailəsinə baş çəkib, onun səhhəti ilə maraqlanıb.

İki azyaşlı övladı, həyat yoldaşı və valideynləri ilə birgə yaşayan Rahim Hacıyev söhbət zamanı hadisənin baş verdiyi günü belə xatırlayır: "Pay torpağımızda mal-qara otarırdıq. Qəfildən atəş səsləri eşidildi. Güllə mənə dəyəndə yerə yıxıldım. Yoldaşlarım məni maşınla xəstəxanaya çatdırdılar. Əməliyyat olundum, lakin onurğa sütununda ilişib qalan gülləni çıxarmaq mümkün olmadı. Həkimlərin dediyinə görə, güllə onurğa beyninin yaxınlığında, həssas yerdədir. Onu əməliyyat yolu ilə çıxarmaq olduqca təhlükəlidir. Bu, daimi iflic və əlilliklə nəticələnə bilər. O vaxtdan düşmən gülləsini bədənimdə gəzdirirəm".

Rahim Hacıyev kəskin ağrı olmadan gəzə və otura bilsə də, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Soyuq havada ağrıları olur. Vaxtaşırı müalicə olunmasına baxmayaraq, güllənin zədələdiyi ağciyərinə maye yığılır.

Rahimin anası Natiqə Hacıyeva həkimlərə minnətdarlığını ifadə etsə də, güllənin övladının bədənində qalmasından, onun ağciyərində yaranan problemdən, əmək qabiliyyətini itirməsindən ürəkağrısı ilə danışır: "Beynəlxalq Qızıl Xaç Komitəsinin cərrahları da rentgen şəkillərinə baxıb, güllənin onurğadan çıxarmağın təhlükəli olduğunu deyiblər. Həmin Komitə köhnə avtomobilimizi təmir etdirdi ki, Rahim başqa işlər görə bilmədiyi üçün taksi fəaliyyəti ilə məşğul olsun. Ağcabədi Rayon Məşğulluq Mərkəzi tərəfindən isə özünüməşğulluq proqramı çərçivəsində ailəmizə iki inək verilib. Oğlumun əlilliyinin təyin olunması ilə bağlı sorğu da göndərilib. Şükür olsun ki, Rahim həyatdadır. Lakin bir ana kimi övladımdan çox nigaranam".

Qeyd edək ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biridir. Ermənistan silahlı birləşmələri bu kəndi 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıblar. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər.

Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Şahlar Əsədov yerli sakinlərin 25 ildən çoxdur erməni təxribatı ilə üz-üzə qaldığını bildirir: “1993-cü ildə ermənilər kəndi işğal edəndə 7 mülki vətəndaşı qətlə yetirdilər. 100-dən artıq ev yandırıldı, 700 başdan çox xırdabuynuzlu heyvan aparıldı, 100 başadək iribuynuzlu heyvan tələf oldu. Kənd ikinci dəfə 1994-cü il iyunun 12-də işğal edilsə də, ordumuz elə həmin gün düşməni buradan qovub çıxardı. Xain ermənilərin basdırdıqları minaların partlaması nəticəsində indiyədək 3-ü azyaşlı olmaqla, 5 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli xəsarət alaraq, sağlamlığını itirib. Onlardan da 8-i uşaqdır. Düşmənin atəşi nəticəsində daha 2 dinc sakin həyatını itirib. Üç il əvvəl isə kənd sakini Zöhrab Hacıyev başından güllə yarası alıb".

Əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan kənd sakinlərinin bir hissəsinin pay torpağı təmas xəttinə yaxın olduğundan onlar tez-tez düşmənin atəşinə məruz qalırlar. Düşmən kəndi, sakinləri, sahədə işləyən traktor və digər texnikaları, mal-qaranı atəşə tutur. Lakin ermənilərin təxribatları sakinləri qorxutmur. Buna səbəb isə əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana böyük inamıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.