ELM VƏ TƏHSİL
“Bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin saflığının qorunması” layihəsinə yekun vurulub
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azadlıq hərəkatçıları” İctimai Birliyinin reallaşdırdığı “Bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin saflığının qorunması” layihəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov konfransın aktual mövzuya həsr olunduğunu bildirib.
Layihənin rəhbəri, “Azadlıq hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov son illər istehsal olunmuş bədii filmlərdə və teleseriallarda Azərbaycan dilində yol verilən ciddi qüsurların aşkar edildiyini bildirib. O, layihənin icrası zamanı aparılan araşdırmaların nəticələri barədə məlumat verib.
Tədbirdə layihə çərçivəsində istehsal edilmiş “Kinomuz və dilimiz” sənədli filmi nümayiş etdirilib.
Sonra layihənin ekspert qrupunun rəhbəri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın məruzəsi dinlənilib.
Konfransda Xalq artistləri Azad Şükürlü, Ofelya Sənani, Eldost Bayram, professor Qulu Məhərrəmli, kinorejissorlar Əbdül Mahmudbəyov, Ayaz Salayev və başqaları çıxış edərək Azərbaycan dilinin saflığının qorunmasına bütün cəmiyyətin ciddi yanaşmalı olduğunu, film və serial müəlliflərinin bu sahədə mövcud olan qüsurların aradan qaldırılması işinə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd ediblər.