REGİONLAR
Bədii gimnastika bölməsinin məşqçi-müəllimlərinə sertifikatlar təqdim olunub
Naxçıvan, 5 avqust, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimləri tərəfindən keçirilən kursu uğurla başa vuran Naxçıvan Atletika Federasiyasının Bədii Gimnastika bölməsinin məşqçi-müəllimlərinə Atletika Federasiyası tərəfindən sertifikatlar verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxış edərək idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün muxtar respublikada uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsi, idmana maraqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Qeyd edilib ki, hazırda federasiyanın tərkibində bədii gimnastika bölməsi fəaliyyət göstərir. Gimnastika bölməsinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhərinin, Şərur və Ordubad rayonlarının Uşaq-gənclər idman məktəblərində 7 qrupu yaradılıb. Bu qruplarda 200-dən artıq uşaq gimnastikanın sirlərinə yiyələnir. Hazırda Babək, Kəngərli və Şahbuz rayonlarında da yeni qrupların yaradılması istiqamətində tədbirlər görülür. Bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Həmçinin Humay Qafarovanın iyulun 7-dən 15-dək İsveçrənin Nyuşatl şəhərində “Gimnastika hamı üçün” növü üzrə 13-cü “EVROGYM” və 3-cü “European gym for life challenge” yarışlarında “Moonlight” adı altında qatıldığı yığma komanda ikinci olub.
“Federasiya tərəfindən idmanın kütləviliyinin təmin olunması məqsədilə bir sıra tədbirlər keçirilir. Cari ilin aprel ayının 16-da ilk dəfə olaraq “Gimnastika” dərnək üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”, - deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, bölmənin kadr potensialını formalaşdırmaq məqsədilə federasiya tərəfindən ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən və gimnastika müəllimi kimi fəaliyyət göstərən müəllimlər üçün seminarlar təşkil olunur, məşqçi-müəllimlərə sertifikatlar təqdim edilir.
Vurğulanıb ki, bölmənin məşqçi-müəllimlərinin bilik və bacarıqlarını daha da təkmiləşdirmək, ölkə və beynəlxalq dərəcəli məşqçilərin yetişdirilməsi, nəzəri və praktik biliklərinin genişləndirilməsi məqsədilə Naxçıvanda ilk dəfə olaraq iyulun 21-dən 27-nə kimi kurslar da təşkil olunub. Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimi Züleyxa İsmayılova və xoreoqraf Sənan Mahmudlu tərəfindən keçirilən kurslarda əməkdaşlara bədii gimnastika və xoreoqrafiya haqqında ümumi məlumatlar verilib, bədii gimnastika alətləri ilə məşqlər praktik olaraq həyata keçirilib.
Tədbirdə 14 məşqçi-müəllimə Atletika Federasiyasının sertifikatları təqdim olunub. Federasiyanın Bədii gimnastika bölməsinin rəhbəri Humay Qafarova isə Naxçıvan Muxtar Respublikasında bədii gimnastikanın inkişafında səmərəli fəaliyyətinə və İsveçrədə keçirilən yarışlarda Azərbaycan yığma komandasının tərkibində fəal iştirak etməsinə görə federasiyanın təşəkkürnaməsi ilə təltif edilib.
Sonda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin Bədii gimnastika bölməsinin gimnastlarının nümunəvi çıxışları olub.