İDMAN


Bədii gimnastika üzrə Azərbaycan və İsrail yığma komandalarının ilk birgə onlayn yarışı keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının ilk birgə onlayn yarışı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, “Battle” adlanan yarışda hər iki ölkənin “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmış komandaları iştirak edib.

Yarışdan əvvəl hər iki komanda bir-birinə təqdim olunub. Azərbaycanın “Paxlava”, İsrailin isə “Bamba” komandalarının üzvləri bir-birilərinə uğurlar arzulayıblar. Daha sonra yarışın qaydaları haqqında məlumat verilib.

Komandaların əylənərək iştirak etdikləri yarış 3 hissədən ibarət olub. Təxminən 3 saat çəkən “Battle” izləyən hər kəsə həyəcanlı və xoş anlar yaşadıb. Estafet oyunları ilə başlayan yarışda gimnastlar müəyyən vaxt ərzində oyunu tamamlamalı idilər. Bundan başqa, onlar həm də alətlərlə verilən müxtəlif tapşırıqları yerinə yetiriblər. İcra edilmiş bu tapşırıqlara görə komandalar hakimlər tərəfindən qiymətləndirilib.

Sonda hər iki komanda üzvləri bədii gimnastikaya aid sualları cavablandırıblar.

Yarışda hesab qeydə alınsa da, hər iki komanda qalib elan olunub. Elə yarışın da məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir dövrdə gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı zaman keçirərək əylənmək idi.

“Paxlava” komandası bildirib ki, İsrail komandası ilə ilk canlı görüşdə onlara paxlava təqdim olunacaq. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva isə dostluq və əməkdaşlıq üçün İsrail yığmasına təşəkkürünü bildirib və hər kəsə sağlamlıq arzu edərək tezliklə yenidən yarışlarda görüşəcəklərindən ümidvar olduğunu qeyd edib.

İsrail komandasının məşqçisi Raxel Faiqa da belə yarışın təşkili və iştirak üçün Azərbaycan yığmasına təşəkkürünü bildirib və komandamıza uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının həm “Facebook” səhifəsi, həm də “YouTube” kanalında canlı yayımlanan yarış böyük maraqla izlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.