İDMAN


Bədii gimnastlarımız Yaponiyada dünya çempionatında iştirak ediblər

Bakı, 31 oktyabr, AZƏRTAC

Olimpiya Oyunlarından iki ay sonra bədii gimnastlarımız yenidən “Gündoğan ölkə”də olublar. Bu dəfə qızlarımız dünya çempionatında iştirak etmək üçün Yaponiyanın Kitakyuşu şəhərinə yollanıblar.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dünya birinciliyində Azərbaycanı qrup hərəkətləri komandasının tərkibində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Luzan Yelizaveta və Güllü Ağalarzadə, fərdi proqramda isə Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova təmsil ediblər.

Xalçadakı inamlı çıxışları ilə hər kəsdə xoş emosiyalar yaradan qrup komandamız hər iki proqram üzrə final mərhələsinə adlayıb. Həlledici mərhələdə qızlarımız həm 5 topla, həm də 3 halqa və 2 cüt gürzlərlə altıncı yerdə qərarlaşıblar. Çoxnövçülük yarışlarında da (iki çıxış proqram üzrə) qrupumuz altıncı olub.

Fərdi gimnastların yarışında hər dörd alətlə çıxış edən "Tokio-2020" Olimpiadasının iştirakçısı Z.Ağamirova fərdi birincilikdə 24-cü olub. Ayrı-ayrı alətlərlə ən yaxşı çıxışını isə gürzlər və lentlə nümayiş etdirərək 21-ci yerdə qərarlaşıb.

Bu çempionat iki fərdi gimnastımız üçün debüt yarışı olub. Gənclər arasında keçirilmiş ilk dünya çempionatının ikiqat mükafatçısı A.Cəlilova və sonuncu Avropa çempionatının bürünc medalçısı N.Bayramova ilk dəfə dünya birinciliyində böyüklər arasında çıxış ediblər. Üç alətlə kompozisiyalarını nümayiş etdirən A.Cəlilova ən yaxşı nəticəsini topla göstərərək 21-ci olub. İstedadlı gimnastımız çoxnövçülükdə 23-cü yerdə qərarlaşıb. N.Bayramova isə yalnız lentlə çıxış edərək, 41-ci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.