İDMAN


Bədii gimnastlarımız yubiley medalı ilə təltif olunublar

Bakı, 12 may, AZƏRTAC

Azərbaycanın müdafiə sənayesi naziri, Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyevin aprelin 22-dən 24-dək Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında uğurla çıxış edərək 1 qızıl, 1 gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva da iştirak ediblər.

Görüş çərçivəsində M.Quliyev qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinanı “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Tədbirdə, həmçinin Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçiləri Siyana Vasileva, Səbinə Qaratova, hakim Yevgeniya Vilyayeva, baş xoreoqraf Kamil Quliyev və baş katib Nurlana Məmmədzadəyə də yubiley medalları təqdim olunub.

Daha sonra çıxış edən M.Quliyev ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə gəlişindən sonra ölkəmizdə gimnastika sahəsində qısa müddət ərzində yüksək nailiyyətlər əldə olunub. M.Quliyev qrup hərəkətləri üzrə yığma komandamızın Bakıda keçirilən dünya kuboku yarışlarında qızıl və gümüş medallar qazanmasını bu uğurların nəticəsi kimi dəyərləndirib.

Görüşün sonunda M.Quliyev gimnastların ona ünvanladığı suallarını cavablandırıb, keçdiyi həyat yolundan maraqlı məqamları bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.