Bədii üzgüçülük üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurla çıxış ediblər
AzerTAg.az
Bakı, 8 dekabr, AZƏRTAC
Bakıda Su İdmanı Sarayında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurla çıxış ediblər. Belə ki, komandamız duetdə qızıl, qrup yarışlarında isə gümüş və bürünc medallar qazanıblar.
Bu sözləri Bakıda uşaqlar arasında sinxron üzgüçülük üzrə keçirilən “Aqua Stars” adlı beynəlxalq turnirin nəticələri ilə bağlı AZƏRTAC-a açıqlamasında Su İdmanı Sarayının marketinq şöbəsinin rəhbəri Elnarə Əliyeva deyib. O bildirib ki, Su İdmanı Sarayında 3 ildir bədii üzgüçülük üzrə qruplar fəaliyyət göstərir və idmançılarımız artıq beynəlxalq turnirlərdə bir sıra nailiyyətlər qazanıblar: “Ötən müddət ərzində bu idman növü üzrə istedadlı idmançılar yetişib. Komandamız 3 dəfə Gürcüstanda və 1 dəfə Latviyada keçirilmiş beynəlxalq turnirdə iştirak edib. Yığmamızın üzvləri həmin yarışlardan vətənə qızıl və gümüş medallarla qayıdıblar. Bakıda Su İdmanı Sarayında belə bir turnirin təşkili ölkəmizdə bu idman növünün inkişafına daha da təkan verəcək”.
Qeyd edək ki, uşaqlar arasında sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir dekabrın 6-8-də Su İdmanı Sarayında keçirilib.

Xəbərin mətnində orfoqrafik səhv var