REGİONLAR


Bəhramtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması bu il yekunlaşacaq VİDEO

Bakı, 5 fevral, AZƏRTAC

Bəhramtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması bu il yekunlaşacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bəhramtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla və yüksək sürətlə davam etdirilir. Respublika əhəmiyyətli Bəhramtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində yolboyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə olunmaqla inşa edilir. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılır. Belə ki, yola ələqələdirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə də işlər aparılır. Körpülər yolun 1,8-ci kilometrində, 3,1-ci və 38,8-ci kilometrində inşa edilir. Müvafiq olaraq körpülərin uzunluqları 28 və 32,5 metr təşkil edir. Yolun 3,7-ci kilometrində, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur. Körpülər üzrə aparılan işlərin tərəqqisi 85 faiz təşkil edir.

Hazırda podratçı sahədə mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri də, yerinə yetirilən işlər siyahısındadır. Körpülərdə tikinti işləri davam edir.

Bundan başqa, köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün hazırda 61 mövcud boru yenilənir, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidi tikilir. Layihəyə uyğun olaraq yolboyu 8 nöqtədə yeraltı keçid inşa edilir, zəruri yerlərdə 28 avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulur.

Ümumilikdə yolboyu aparılan ümumi işlərin tərəqqisi planı üstələyərək 43 faiz müqabilində 57 faiz təşkil edir.

Bəhramtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini əlaqələndirən bir avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.