REGİONLAR
Bəhramtəpə Hidroqovşağı altı rayonun su təchizatını yaxşılaşdırır VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Bəhramtəpə Hidroqovşağı İstismarı İdarəsi Aran bölgəsinin altı böyük rayonunu su təchizatı ilə təmin edir. Ümumilikdə, Bəhramtəpə Hidroqovşağı 240 min hektara qədər suvarılan torpaqların su təminatını yaxşılaşdırır.
AZƏRTAC xəbər verir ki, 1958-ci ildən istifadəyə verilən qurğu günümüzə qədər fasiləsiz iş rejimində işləyib. Uzun illər istismar olunan qurğuda aşınmalar yarandığından bəzi təmir işlərinin aparılması nəzərdə tutulub. 2021-ci ildə Bəhramtəpə Hidroqovşağının su ilə təmin etdiyi rayonlarda əkilən bitkilərin suvarılması üçün hidroqovşaqdan lazımi qədər su ayrılıb. Əsasən də strateji bitki olan pambıq tam olaraq suvarılıb.
İdarə tərəfindən su istifadəçilərinə suyun fasiləsiz və ən əsası itkisiz çatdırılması üçün qurğularda təmir işləri aparılıb. Bununla yanaşı, torpaq məcralı kanalların beton üzlüyə alınması da uğurla davam etdirilib. Növbəti suvarma mövsümünə qədər daha iki qurğu əsaslı şəkildə təmir olunacaq. Həmin işlər bu ilin sonuna kimi yekunlaşdırılacaq.
Qeyd edək ki, Bəhramtəpə Hidroqovşağı İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad və işğaldan azad olunmuş Cəbrayıl rayonlarında su istifadəçilərinə xidmət edir.