REGİONLAR
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 27 iyun, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsinə başlanılıb.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar Avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla, buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində yeni yol yatağı inşa olunur. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1,8-ci kilometrində (Qızıl arx kanalı), 3,1-ci kilometrində (Əzizbəyov kanalı) və 38,8-ci kilometrində inşa olunacaq. Körpülərin uzunluqları müvafiq olaraq 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik 256 borunun inşası nəzərdə tutulur ki, bunlardan 14-ü düzbucaqlı su keçidləridir. Artıq bir-neçə ərazidə suötürücü boruların inşası işlərinə də başlanılıb.
Layihəyə uyğun olaraq, yolboyu 7 nöqtədə yeraltı keçidin inşası, 28 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.