SİYASƏT


Bəhreyn parlamenti Azərbaycanla əlaqələrin daha da inkişafına töhfə verməyə hazırdır

Qahirə, 25 may, AZƏRTAC

Bəhreyn parlamenti dost ölkə olan Azərbaycanla əlaqələrin daha da inkişafına öz töhfəsini verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bəhreyn parlamentinin spikeri xanım Fevziyə bint Abdullah Zeynal Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayevlə görüşündə söyləyib.

Bəhreyn parlamentinin spikeri bildirib ki, iki dost ölkənin xalqlarını ortaq dini, mədəni dəyərlər birləşdirir. O əlavə edib ki, iqtisadi, ticari və qarşılıqlı sərmayələr sahələrində əməkdaşlığın geniş imkanları mövcuddur və Bəhreyn Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafında maraqlıdır. Xanım Fevziyə bint Abdullah Zeynal vurğulayıb ki, Bəhreynin Nümayəndələr Palatası bu prosesə qanunvericilik müstəvisində hər cür dəstək verəcəkdir.

Görüşdə Bəhreyn və Azərbaycanın qanunverici orqanları arasında əlaqələrin inkişafı və parlament diplomatiyasının daha da fəallaşması istiqamətində fikir mübadiləsi aparılıb.

Səfir Şahin Abdullayev Azərbaycanın dost Bəhreynlə daha sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, həmçinin regionda və dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində iki ölkənin parlamentləri arasında regional və beynəlxalq miqyasda əlaqələrin daha da güclənməsinin zəruriliyini qeyd edib. Düşmən tapdağından qurtulmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işləri barədə məlumat verən diplomatımız bildirib ki, Azərbaycanda geniş sərmayə imkanları, xüsusən işğaldan azad edilmiş ərazilərimizdə bəhreynli investorlar üçün hər cür şərait mövcuddur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.