QAN YADDAŞI


Bəhreyn qəzetində Azərbaycan səfirinin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Qahirə, 20 yanvar, AZƏRTAC

“Əl Əyam” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayevin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın müasir tarixində Qanlı Yanvar kimi qalmış faciə haqqında ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zaman üçün ən müasir silahlarla silahlanmış 30 min sovet hərbçisi Bakıda dinc əhaliyə qarşı dəhşətli cinayət törədib. Faciənin qurbanları arasında 7 yaşlı uşaq, 16 yaşlı qız, 80 yaşlı ağsaqqal, gülləbaran edilmiş təcili tibbi yardım maşınındakı həkim və çoxlu sayda günahsız sakinlər olublar.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Human Rights Watch beynəlxalq hüquq müdafiəsi təşkilatı bu faciəni insan hüquqlarının ən kobud şəkildə pozulması adlandırıb. Müəllif qeyd edib ki, bu dəhşətli cinayətin əlamətləri hələ 1988-ci ildə - o vaxt mövcud olmuş Dağlıq Qarabağ muxtar vilayətini Azərbaycandan qoparmaq istəyən erməni separatçılarını dəstəkləyən sovet liderlərinin davranışında görünürdü. Azərbaycan xalqı əmin idi ki, onlar Ermənistanla sövdələşməyə gedərək arxadan zərbə vurub. Məhz bu sövdələşmənin nəticəsində ermənilər azərbaycanlıları öz əzəli torpaqları olan Qarabağdan və Ermənistanın özündən didərgin salırdılar. Buna etiraz edən xalq ayağa qalxdı və sovet rəhbərliyi milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya və Azərbaycanın digər şəhərlərinə qoşun yeritdi.

Ş.Abdullayev vurğulayıb ki, 20 Yanvar hadisələri həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu faciə xalqın azadlıq və suveren dövlət qurmaq əzmini daha da möhkəmləndirdi, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan beynəlxalq arenada nüfuzlu dövlətə çevrilib. Otuz iki il sonra Qanlı Yanvar qurbanlarının xatirəsini ehtiramla yad edən Azərbaycan xalqı gələcəyə böyük inamla tərəqqi yolunda irəliləyir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.