SİYASƏT
Bəhreynin Baş naziri Xəlifə bin Salman Al Xəlifə vəfat edib
Bakı, 11 noyabr, AZƏRTAC
Bəhreynin hakimiyyət orqanları 85 yaşlı Baş nazir Xəlifə bin Salman Al Xəlifənin vəfat etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Bəhreyn kralının müşaviri Nabil Hamr “Twitter” sosial şəbəkəsində yerləşdirib.
Ölkədə bir həftəlik matəm elan olunub. Dəfn mərasiminin şahzadənin cəsədi ABŞ-dan vətənə gətirildikdən sonra keçiriləcəyi bildirilir.
Kral ailəsinin ən nüfuzlu üzvlərindən biri olan Xəlifə bin Salman Al Xəlifə 1971-ci ildən Baş nazir postunu tuturdu. Onun ölkədəki nüfuzunu hətta Kralın özünün nüfuzu ilə müqayisə edirdilər.
Xəlifə bin Salman hakim ailənin ən varlı üzvü və krallıqda ən böyük biznesmenlərdən biri idi. Dövlət quruculuğunda və Bəhreynin modernləşdirilməsində mühüm rol oynamışdı.