QAN YADDAŞI
Bəhreynli oxuculara Xocalı soyqırımı haqqında geniş məlumat verilib
Qahirə, 24 fevral, AZƏRTAC
Nüfuzlu “The Daily Tribune – News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə bəhreynli oxuculara Xocalı soyqırımı, onun səbəb və nəticələri haqqında geniş məlumat verilir. Qeyd olunur ki, əsas məqsədi etnik təmizləmə olan bu qanlı faciə beynəlxalq hüquq müdafiəsi təşkilatları, o cümlədən Human Rights Watch tərəfindən dinc əhaliyə qarşı törədilmiş müharibə cinayəti kimi xarakterizə edilib.
Məqalədə qeyd olunur ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da Xocalıda dinc əhaliyə qarşı qanlı cinayət törədildiyini etiraf edib. Bu dəhşətli faktlar dünyanın bir çox nüfuzlu mətbuat orqanlarında da yer alıb. “Xocalı qırğını və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törətdiyi digər müharibə cinayətləri beynəlxalq hüququn kobud şəkildə pozulması və bəşəriyyətə qarşı ağır suçdur”, -deyə müəllif yazır.
O vurğulayır ki, bu qanlı faciənin beynəlxalq aləmə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan və davam edən “Xocalıya ədalət!” kampaniyasının böyük rolu olub. Bütün dünyada 120 mindən çox insanın və 115 təşkilatın qoşulduğu bu kampaniya nəticəsində Xocalı soyqırımı daha geniş auditoriyaya çatdırılıb.
Müəllif yazır ki, Xocalıda ermənilərin törətdikləri vəhşiliklər dünyanın ən nüfuzlu mətbuat orqanları - “The Washington Post”, “The New York Times”, “The Guardian”, “The Independent” və s. tərəfindən geniş işıqlandırılıb.
Məqalənin sonunda vurğulanır: “Bu gün Xocalı soyqırımı qurbanlarının ruhu rahatdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və ərazi bütövlüyümüz bərpa olunub. Bundan sonra müstəqilliyimiz daha da möhkəmlənəcək, xalqımıza və dövlətimizə qarşı ağır cinayətlər törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində lazımi tədbirlər görüləcək”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə