REGİONLAR
Bəhruz Kəngərli Muzeyində onlayn ekskursiya geniş tamaşaçı kütləsi tərəfindən maraqla izlənilib
Naxçıvan, 3 iyun, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Bəhruz Kəngərli Muzeyinə onlayn ekskursiya təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Bələdçi məlumat verib ki, Bəhruz Kəngərli Muzeyi ötən əsrin əvvəllərində baş verən tarixi, ictimai-siyasi hadisələri təsviri sənətin qüdrəti ilə özündə əks etdirən əhəmiyyətli mədəniyyət ocaqlarındandır. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılışında iştirak edib. Muzeyin fondunda, ümumilikdə, 1300-ə yaxın eksponat vardır. Bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir.
Qeyd olunub ki, binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəbəsində yerləşən 5 ekspozisiya zalında isə 206 eksponat nümayiş olunur. Bunlardan 61-i orijinal rəsm əsəridir.
Teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb.
Diqqətə çatdırılıb ki, ötən əsrin əvvəllərində azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqın dəyərli sənət yaddaşıdır. Rəssamın bu mövzuda yaratdığı əsərlər baş verən ədalətsizliyə qarşı bir sənətkar – vətəndaş, ziyalı etirazıdır. Həmin əsərlərdəki insanlar həm də məğrurdurlar. Hüzn, kədər, iztirab bu portretlərin qəhrəmanlarının simasında mükəmməl şəkildə təsvir olunub. “Canfəda kəndindən qaçqın oğlan”, “Yaycı kəndindən qaçqın oğlan Cümşün”, “Avşar kəndindən qaçqın qız”, “İki qaçqın qız”, “Ağ ləçəkli qaçqın qız” əsərlərindəki kədər fərdi kədər deyil, ümumxalq kədəridir. Rəssam “Ayaqyalın qadın”, “Qaçqınlar”, “Əyləşmiş qaçqın oğlan”, “Qaçqın İmran çanta ilə”, “Qaçqınlar arabada” əsərlərini yaratmaqla bir amala xidmət edib, bu da ondan ibarətdir ki, vətənpərvər rəssam kimi tarixi həqiqətləri gələcək nəsillərə çatdırsın, əsərlərini sübut olaraq tarixi sənəd kimi ortaya qoysun. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi dəyərlidir.