REGİONLAR


Bəhruz Kəngərli adına Sərgi Salonunda 70 istedadlı uşağın əl işlərindən ibarət rəsm sərgisi açılıb

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İRS mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Naxçıvanda uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülür, onların cəmiyyətin mədəni həyatındakı iştirakları təmin edilir. Uşaqların növbəti rəsm sərgisi də rəngarəng və maraqlıdır, bir sıra xüsusiyyətləri ilə seçilir. 44 günlük şanlı Vətən müharibəsində əldə etdiyimiz Qələbə uşaqların çəkdikləri rəsm əsərlərində çox gözəl ifadəsini tapıb. Rəsmlərdə qəhrəman əsgərlərimiz, şəhidlərimiz, tarixi abidələrimiz, milli dəyərlərimiz əks olunub. Görünür ki, gələcəyin istedadlı rəssamları yetişir və onlar gələcəkdə Rəssamlar Birliyinin üzvü kimi də fəaliyyət göstərə biləcəklər.

Təhsil Nazirliyinin əməkdaşı Murad Babayev çıxışında vurğulayıb ki, muxtar respublikamızda uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Muxtar respublikada təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən biri də məktəbdənkənar tərbiyə müəssisələrində yaradılan innovativ dərnəklərdir. Dərnəklərdə rəssamlığa marağı olan uşaqlar iştirak edirlər. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün bu dərnəklərin xüsusi rolu vardır. Uşaqların rəsm sərgisi gələcəkdə onların yaxşı sənət adamı kimi formalaşmasında əhəmiyyətli rol oynayır.

Əl işləri ilə fərqlənən uşaqlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış olub. Burada “Ordumuz qürurumuzdur”, “Şəhidlər ölmür”, “Dəmir yumruq”, “Şuşa” və digər rəsmlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan sərgidə 70 istedadlı uşağın 106 əl işi nümayiş olunub. Sərgi bir həftə davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.