CƏMİYYƏT


Bəhruz Məhərrəmov: Azərbaycanda dünyəvi və dini ideyaların dəqiq sərhədlərinin müəyyən olunması təmin edilib

Bakı, 19 iyun, AZƏRTAC

Demokratik, hüquqi, dünyəvi və unitar respublika olan Azərbaycan bütövlükdə islam dünyasında dövlət-din münasibətlərini həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olmuş azsaylı ölkələrdəndir. Sirr deyil ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda çox həssas bir məsələ olan din siyasətinin qüsursuz həyata keçirilməsi üçün, ilk növbədə, güclü və qətiyyətli siyasi iradənin, iqtisadi və siyasi müstəqilliyin olması zəruri şərtdir. Azərbaycanda ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə güclü mərkəzi hakimiyyətin qurulması, iqtisadi və siyasi müstəqilliyə nail olunması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu hədəflərə tam nail olunub. Bu tendensiya, eyni zamanda, dövlət-din münasibətlərinə də sirayət edib, Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələrinin bazisində din siyasətində yeni bir səhifə açılıb. Xüsusən, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sferaya diqqət və qayğısı həm normativ sahədə qəbul edilən qərarlar, həm də əməli addımlarla dövlət-din münasibətləri ilə bağlı qəbul edilmiş konstitusion hədəflərə tam nail olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O bildirib ki, Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi bütövlükdə cəmiyyət tərəfindən könüllü şəkildə dərk və qəbul edilən münasibətə çevrilib. Azərbaycan kimi köklü dini ənənələri və ruhaniyyət mənəviyyatının güclü olduğu cəmiyyətlərdə din-dövlət münasibətlərinin dünyəvilik şərti ilə bu cür mükəmməl formada tənzimi təbii ki, ciddi səy və şəxsi nüfuz tələb edir. Prezident İlham Əliyevin dini ənənələrə münasibətdə şəxsi nümunə göstərməsi, müsəlmanların müqəddəs məkanları, o cümlədən Məkkəyə səfəri, habelə, onun hakimiyyəti illərində regionun ən gözəl məscidlərindən biri olan Heydər Məscidi kompleksinin tikilməsi, Bibiheybət, Təzəpir, o cümlədən Şamaxı Cümə məscidləri başda olmaqla çoxsaylı ibadətgah və dini abidələrin bərpası, habelə, işğaldan azad olunan bölgələrdə təmir və bərpa prosesinə məhz Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarətində dini abidələrdən başlanması ilə Azərbaycanda dünyəvi və dini ideyaların dəqiq sərhədlərinin müəyyən olunması təmin edilib.

“Eyni zamanda, istər işğal dövrü, istər sonrakı zamanlarda vandalizmə məruz qalmış dini abidələrlə bağlı tutduğu barışmaz və qətiyyətli mövqeyi, o cümlədən antiislam dairələr qarşısında cəsarətli duruşu ilə Prezident İlham Əliyev İslam dünyasının təəssübünü çəkən müsəlman aləminin liderlərindən biri olduğu reallığını ortaya qoydu. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun analoji istiqamətdə həm yerli, həm də beynəlxalq müstəvidə titanik fəaliyyəti dövlət-din münasibətlərinin hazırkı mükəmməl səviyyəsinin formalaşmasında həlledici amillərdən birinə çevrildi”, - deyə B.Məhərrəmov qeyd edib.

Onun sözlərinə görə, cəmiyyətdə bu sahədə hakimiyyətlə həmrəyliyin müşahidə olunmasının kökündə dayanan vacib nüanslardan digəri isə heç şübhəsiz Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın özlərinin şəxsi nümunələrində dini-mənəvi amillərə yüksək ehtiramla yanaşmaları oldu. Dövlətimizin başçısı və birinci xanım işğaldan azad edilən bölgələrə ayaq basarkən ilk olaraq məscidə qədəm qoydular. Ağdam və Şuşada məscidlərinin ziyarət edilməsi zamanı yaşanan duyğusal anlar, oraya 30 il sonra ilk dəfə məhz Birinci vitse-prezident tərəfindən Quran gətirilməsi xalqın yaddaşında əbədi həkk olundu.

“Bundan əlavə, məlumdur ki, Azərbaycan Konstitusiyasına əsasən dövlətin təhsil sistemi dünyəvi xarakter daşıyır. Həyata keçirilən uğurlu din siyasətinin nəticəsi olaraq dini təhsil idarəçiliyinin, o cümlədən qanunvericiliyə son dəyişikliklərlə din xadimlərinin təyinatının dünyəvi formata salınması daha təşkilatlanmış və daha savadlı kadrların yetişməsi ilə din siyasətinin daha sağlam təməllər üzərində həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Bu, eyni zamanda, bəzi dairələrinin dini dəyərlərdən radikal məqsədlərlə istifadə cəhdləri perspektivlərini heçə endirmiş oldu”, - deyən Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.