SİYASƏT


Bəhruz Məhərrəmov: Bakı-Daşkənd əməkdaşlığı Türk dünyasını tranzit habına, kommunikasiya arteriyasına çevirəcək

Bakı, 21 iyun, AZƏRTAC

Özbəkistan 35 milyondan artıq əhalisi və 450 min kvadrat kilometr ərazisi ilə Türk dünyası və ümumilikdə Asiya regionunun ən böyük dövlətlərindən biri olmaqla bərabər, eyni zamanda, ciddi iqtisadi potensiala malik subyektlərdəndir. Özbəkistan xüsusən son 6 ildə ciddi islahatlar yoluna qədəm qoyub və bu ölkə üçün keyfiyyətcə yeni dönəm başlanıb. Eyni zamanda, türk dövlətlərindən biri və keçmiş sovetlər birliyinin üzvü kimi Özbəkistan həm son 6 ildə, həm də əvvəlki dövrlərdə Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla prinsipial şəkildə dostluq mövqeyi sərgiləyən dövlətlərdəndir.

Məlumdur ki, müstəqilliyin ilk illərində, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə, məhz Azərbaycanın ozamankı idarəçilərinin aşkar səriştəsizliyi ucbatından Özbəkistanla münasibətlərdə ciddi gərginlik yaranmışdı. Lakin mərhum Prezident İslam Kərimov bu insanların Azərbaycan xalqının iradəsini ifadə etmədiyini doğru qiymətləndirərək onların yarıtmaz idarəçiliyinə görə Azərbaycan xalqının mənafelərini qurban verməyərək Ermənistanla münaqişədə bizim haqq işimizə aşkar və əməli dəstək vermişdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat bildirib ki, yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Özbəkistanla Azərbaycanın münasibətlərindəki səriştəsiz AXC-Müsavat cütlüyünün səbəb olduğu xoşagəlməz tendensiya aradan qaldırılıb, 1995-ci ildə Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr yaradılıb. Təsəvvür edin, hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda hələ də Ermənistanın və Özbəkistanın qarşılıqlı səfirlikləri fəaliyyət göstərmir. Bundan başqa, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il 14 mart tarixli "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməni dəstəkləyən yeganə Mərkəzi Asiya ölkəsi olub, Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən 2010-cu ildə imzalanan Daşkənd Birgə Bəyannaməsində bu ölkə açıq şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin ilk öncə bizim suverenliyimiz, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasının zərurətini bəyan edib. Özbəkistan hakimiyyətinin ilk gündən sərgilədiyi bu ədalətli və haqqa əsaslanan mövqe 2016-cı ildən, Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra da davam etdirilib, Ermənistanla soyuq təmaslara üstünlük verilib, Prezident Şavkat Mirziyoyev, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin sədri olduğu bir dövrdə Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə münasibətilə nümayişkaranə şəkildə Azərbaycan xalqını təbrik edib.

“Hətta ötən ilin noyabr ayında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Füzulidə böyük məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında bərpa və quruculuq prosesinə əməli dəstəyini ifadə edib. Bildiyiniz kimi, hazırda Azərbaycanla Özbəkistan arasında əsl qardaşlığın rəmzi olan 960 yerlik məktəbin tikintisi üçün ilkin işlərə artıq başlanılıb. Aydındır ki, Azərbaycanın gücü də, imkanları da kifayətdir ki, bütün işləri özü reallaşdırsın, lakin Özbəkistan Prezidenti bu nəcib və mərd addımı ilə bir daha iradə nümayiş etdirərək Azərbaycan xalqının yanında olduğunu göstərdi.

Təbii ki, bu xoş münasibət birtərəfli deyil. Nəzərə almalıyıq ki, Azərbaycan da həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyevin hakimiyyəti illərində Özbəkistanla əməkdaşlığın bütün səviyyələrdə inkişafına diqqət yetirib, beynəlxalq səviyyədə bu ölkəyə daim açıq dəstək ifadə olunub. Xüsusən İlham Əliyev də Türk dünyasının, o cümlədən Özbəkistanın mənafelərini həmişə bütün səviyyələrdə müdafiə edib, türkdilli dövlətlərlə, o cümlədən qardaş özbək xalqı ilə münasibətlərin daha üst səviyyəyə çatması üçün bütün imkanları səfərbər edərək ciddi səylər ortaya qoyub. Bu mənada elə son ikiillik dövrdə Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi səylərinə baxmaq kifayətdir. Azərbaycan Prezidenti pandemiya dövründə, ilk növbədə, məhz türk dünyasının səylərini birləşdirməyə nail olub, Özbəkistan da Prezident İlham Əliyevin bu bəşəri səylərinə dəstək verən tərəflərdən biridir”, - deyə B.Məhərrəmov qeyd edib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq dövlətimizin başçısının Türk dünyası üçün açdığı imkanlar fonunda Özbəkistan üçün də Qərb istiqamətində yeni potensial formalaşmış oldu. Xüsusən Zəngəzur dəhlizinin açılması istiqamətində işlər, o cümlədən Özbəkistanın özünün Hind Okeanına və Şərqi Asiyaya uzanan nəqliyyat layihələri onu deməyə əsas verir ki, Bakı-Daşkənd əməkdaşlığı Türk dünyasını tranzit habına, kommunikasiya arteriyasına çevirəcək. Bu məsələlərdə Özbəkistan və Azərbaycan Prezidentlərinin üst-üstə düşən mövqeyi və əzmləri indidən ciddi perspektivlər vəd edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də bu mənada yalnız iki ölkə arasında münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda, ciddi regional siyasi hadisə hesab edilməlidir. Xüsusən münasibətlərimizdə yeni səhifə açan son səfər zamanı imzalanmış çoxsaylı sənədlər, o cümlədən Azərbaycan və Özbəkistan arasında tərəfdaşlığı strateji səviyyəyə yüksəldən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” bütövlükdə regionun taleyini dəyişə biləcək siyasi proseslərdir. Azərbaycan və Özbəkistan Prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı sazişlərin imzalaması müstəqil siyasət yürüdən, bölgədə güc nisbətinə köklü təsir edə biləcək əməkdaşlıq və sülhün qarantına çevrilən yeni və müstəqil güc mərkəzinin formalaşmasından xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.