SİYASƏT


Bəhruz Məhərrəmov: VIII Zirvə Görüşünün Bəyannaməsi türk dünyasının yeni mütəşəkkil qlobal gücə çevrildiyini göstərir VİDEO

Bakı, 15 noyabr, AZƏRTAC

İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Görüşü istər türk dünyası, istərsə də beynəlxalq müstəvidə münasibətlər nizamına yeni baxış çərçivəsində mühüm tarixi siyasi hadisədir.

Görüşün Bəyannaməsinə diqqət etsək, türk dünyasının artıq yeni mütəşəkkil qlobal gücə çevrildiyinin şahidi olarıq. Xüsusilə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “Türk Dövlətləri Təşkilatı” adlandırılmasına dair yekdil siyasi qərar təsisatın daha yüksək statusla, daha geniş arealda böyük hədəflər naminə hərəkətə keçdiyini göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

2009-cu il 3 oktyabr tarixli Naxçıvan Sazişində də bu məqsəd və prinsiplərin əsas götürüldüyünü diqqətə çatdıran deputat deyib: “Etiraf etməliyik ki, ilk dövrlər istər bəzən milli səviyyələrdə, istərsə də regional və qlobal müstəvidə geosiyasi reallıqlar nəzərə alınaraq bu məqsəd və məram, o cümlədən təşkilatın özünün gələcəyinə dair ciddi suallar ortaya çıxırdı. Lakin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin qətiyyətli davranışları və ardıcıl səyləri nəinki bu sualları ortadan qaldırdı, üstəlik, təsisata marağı artıraraq müşahidəçi olan Macarıstanı, eyni zamanda, Türkmənistanı prosesin fəal həlqəsinə çevirdi. Bu prosesdə biz Azərbaycanın rolu, xüsusilə də Prezident İlham Əliyevin müstəsna xidmətləri nəticəsində yaranan yeni reallığa xüsusi diqqət yetirməliyik. Dövlətimizin başçısı 44 günlük müharibədəki böyük hərbi-siyasi zəfərlə müstəqillik qazandığı dövrdən etibarən postsovet ölkələrinin faktiki olaraq həmişə məruz qaldığı ikili standartları darmadağın etdi.

Azərbaycan öz gücü hesabına ona yönələn ikili standartlara son qoymaqla, regional hərbi-siyasi gücə və qlobal oyunçuya çevrilərək, Naxçıvan Sazişi ilə müəyyən olunmuş məqsədlərə doğru həlledici addım ataraq türk birliyi üçün münbit mühit yaratdı. Rəsmi Bakı bu addımları həm də elə çevik və səmərəli şəkildə reallaşdırdı ki, maneə törədə biləcək qüvvələr toparlanmağa macal tapmadı. Prezident İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsi mərasimində çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açıq mətnlə məhz bu amili ifadə edərək bildirdi ki, Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulması məhz Azərbaycan Liderinin qətiyyətli rəhbərliyi sayəsində reallaşıb”.

Əlbəttə, ilk baxışda bu, təkcə Azərbaycanın Qələbəsi kimi görünsə də, nəticələri obyektiv təhlil edəndə Zəngəzur dəhlizi vasitəsilə türk dünyası arasında quru əlaqəsinin yaradılması istiqamətində reallaşan layihə başda olmaqla bir sıra hərbi-siyasi nəticələri təhlil edəndə, üzv dövlətlərin və Türk Dövlətləri Təşkilatının Azərbaycanın haqq işinə verdiyi güclü dəstəyin fonunda, bu Zəfərdən bütövlükdə, türk dünyasının faydalanacağı aydın görünür. Bu mənada, Prezident İlham Əliyevin planlı, düşünülmüş və şaxələndirilmiş fəaliyyətə əsaslanan daxili və xarici siyasətində həmişə türkdilli xalqların ortaq tarixi, dili, mədəniyyəti, adət-ənənələri və dəyərlərinə əsaslanan əməkdaşlıq və həmrəyliyin dərinləşdirilməsinə və genişləndirilməsinə sadiqliyin ifadə olunması məhz bugünkü türk həmrəyliyinin kökündə dayanan ən vacib amillərdən biri kimi çıxış etməkdədir. Nəticə etibarilə bu gün Türk Dövlətləri Təşkilatının geniş bir arealda sülh və sabitliyin təmin olunması, iqtisadi əməkdaşlığın möhkəmlənməsi baxımdan mühüm platformaya çevrilməsi meyillərinin şahidi olmaqdayıq. Faktiki olaraq bütün çıxışlarda və bəyanatlarda bu ruhu açıq şəkildə hiss edirik.

“Ötən iki il ərzində Türk Dövlətləri Təşkilatı qeyri-münaqişə xarakterli qlobal problemlər fonunda öz əməkdaşlıqlarını ilə ciddi nümunə ortaya qoymağı bacardılar. Xüsusən pandemiya zamanı bu qlobal təhlükənin mənfi təsirlərini yumşaltmaq üçün üzv və müşahidəçi dövlətlərin ikitərəfli, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdikləri həmrəylik və əməkdaşlığın yalnız təsisatdaxili deyil, qlobal xarakter daşıdı. Bu mənada, Türk Dövlətləri Təşkilatının himayəsi altında Türkiyə, Azərbaycan, Qazaxıstan və Macarıstanın Afrika ölkələrinə vaksin ianə edilməsi, COVID-19-la mübarizədə ilk dəfə səylərin məhz bu təşkilat çərçivəsində birləşdirilməsi xüsusi qeyd edilməlidir”, - deyə B.Məhərrəmov qeyd edib.

Deputatın sözlərinə görə, pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün ötən il COVID-19 pandemiyasına qarşı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında “COVID-19 pandemiyasına qarşı bütün ölkələrin vaksinlərə ədalətli, əlverişli, vaxtında və universal çıxışının təmin edilməsi” adlı qətnamənin qəbulunun Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşması proseslərdə Prezident İlham Əliyev şəxsiyyətinin həlledici rola malik olmasını aksioma çevirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.