SİYASƏT


Bəhruz Quliyev: Ermənilər bolqar jurnalistə hücum etməklə bir daha sübut etdilər ki, onlar işğalçıdırlar

Bakı, 3 iyul, AZƏRTAC

Bolqarıstanın BTV kanalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu məsələdə Azərbaycanın haqlı mövqeyi ilə bağlı yayımlanan verilişdən sonra ermənilərin bolqar jurnalistə hücum etməsi əslində onların işğalçı olduğunu bir daha sübut etdi.

Bu fikri AZƏRTAC-a açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. O bildirib ki, Bolqarıstanda güclü erməni diasporu mövcuddur və məhz bu ölkədə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, Xocalı soyqırımı, həmçinin erməni vəhşiliklərinin ifşasının ictimailəşdirilməsi erməni diasporu üzərində qazanılmış qələbədir. Siyasi ekspert əlavə edib ki, Bolqarıstanda uzun illər ərzində formalaşmış erməni diasporunun olmasına baxmayaraq, Azərbaycanın haqq səsinin bolqar ictimaiyyətinə çatdırılması erməni siyasətini darmadağın edib. Məhz bu baxımdan, ermənilərin jurnalisti təhdid etməsi, xüsusilə, BTV telekanalına hücumlar etməsi bu xalqın azərbaycanlılara qarşı vəhşiliklərini bir daha ortaya qoyub.

B.Quliyev bildirib ki, heç vaxt gerçəklik tarixdə gizli qalmır. Gec, ya da tez haqq və ədalət öz yerini tapır. Qarabağın ermənilər tərəfindən işğala məruz qalması, erməni terroru faktı Bolqarıstan kimi dövlətdə də işıqlandırılıb. Artıq ermənilər bütün sahələrdə Azərbaycana uduzurlar. İstər iqtisadiyyatda, istər hərbi sahədə Ermənistan sarsıdıcı məğlubiyyətlərə məruz qalır. Reallıq erməniləri qıcıqlandırır və onların vəhşi xislətə malik olmaları bu reallıqdan doğan həqiqətdir. Onlar öz təcavüzkar, şovinist və vəhşi düşüncələrini ədalətdən, haqdan üstün tutmağa cəhd göstərsələr də, heç nəyə nail ola bilmirlər.

B.Quliyev vurğulayıb ki, yaxın gələcəkdə digər ölkələrin mediasında da buna bənzər məsələlər işıqlandırılacaq. Biz də bu məsələlərdə fəaliyyətimizi artırmalı, erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırmalıyıq. Çünki müharibə yalnız döyüş zonalarında deyil, mətbuatda da davam edir.

“SƏS” Media Qrupunun rəhbəri vurğulayıb ki, Bolqarıstanın BTV telekanalının Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini işıqlandırması təqdirəlayiq haldır. Ermənilərlə informasiya müharibəsində qələbələrimiz davamlı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.