ELM VƏ TƏHSİL
Bəhruz Vaqifoğlu: O dayandığımız yer mənim babamın evidir
Bakı, 22 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü geniş əks-səda doğurub. Səfər iştirakçılarından biri – Əməkdar artist Bəhruz Vaqifoğlu bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.
O dayandığımız yer mənim babamın evidir...
Fikrimi səmimi ifadə etmək istəyirəm. Düşünürəm bu, daha düzgündür. Çünki həmin görüşdə yaşadığımız o anlar hisslərin ən yüksək zirvəsi və bir yerə yığıldığı anlardır. Biz Birinci Qarabağ müharibəsinin ağır nəticələrini yaşamışıq. Həsrətlə böyümüşük, həsrətlə yoğrulmuşuq. Şükür bu günə, Müzəffər Ali Baş Komandan və qalib sərkərdəmiz İlham Əliyevin, rəşadətli Ordumuzun, xalqımızın birliyi sahəsində bu həsrətə son qoyuldu.
Zəngilanın azad olunduğu günün birinci ildönümü yaxınlaşdıqca ora getmək üçün dəvəti səbirsizliklə gözləyirdim. Dəvəti alanda Zəngilanın azad olması xəbərini eşitdiyim andakı qədər özümü xoşbəxt hiss etdim. Yola çıxdıq, uzun bir yol getdik sandım. Sanki yol getdikcə uzanırdı, çatmaq bilmirdik. Nəhayət, azad olunmuş ərazilərə daxil olduq. Sanki hər birimiz bu əraziləri gözümüzə təpirdik, bir-birimizə düşmənin viran qoyduğu yerləri göstərirdik. Sanki buraların hər cığırından, hər xarabalığından müharibənin səsi hələ duyulur, barıtın qoxusu hələ də gəlirdi. Göy üzü gözlərimiz qədər dolub. Bir-birimizə gözü dolu baxırıq. Nəhayət uzaqdan Zəngilan yazısını görürük. Birimiz kədərlənirik, birimiz alqışlayırıq, birimiz dayanmadan danışırıq, mən isə şəhidlərimizin ruhuna dualar oxuya-oxuya Zəngilana daxil oluram. Hər yer xarabalığa çevrilib. Uçuq dağınıq evləri gördükcə bu mənzərəni mənim üçün ən gözəl təsvir edən bir müharibə qəhrəmanının sözü yadıma düşür. O deyirdi: “elə bil evləri dişləyib atıblar”. Bu ifadə o qədər bədii, o qədər dəqiq və təsirli idi ki, ətrafa baxdıqca bu cənnəti cəhənnəmə çevirən erməni vəhşiliyinin izləri görünürdü.
Zəngilanın mərkəzinə yaxınlaşdıqca bir-bir kəndlərdən keçirdik. Maşınımızda bu kəndlərdə doğulmuş, yaşamış, arzular qurmuş yaşlı adamlar da var idi. Hər biri öz kəndinə daxil olduqca sanki gözlərindən oxunurdu ki, indi rahat ölə bilərəm.
Mən gah bu insanlara baxıram, gah ətrafı seyr edirəm. Birdən yolun sağ tərəfində Zəngilan Beynəlxalq Hava Limanı adlı lövhə oxudum. Bunu necə izah edim bilmirəm. Bir onu bilirəm ki, Zəngilanımız daha da gözəl olacaq. Yenidən salınan Ağalı kəndindəki tikintilərin yanında keçirik. Dayanmadan quruculuq işləri gedir. Sanki təbiət buralarda yenidən oyanıb.
Şəhərə giririk. Maşında hər kəs sevincək bir-birinə ətrafı göstərir. Sanki yaddaşlarını təzələyirlər. Elə yerlər də var ki, bu adamlar oranın hara olduğunu xatırlamadılar. Müzəffər Ali Baş Komandanla görüşəcəyimiz yerə çatdıq. O yerə çatdıq ki, o meydanın qurulduğu yer mənim ayaq açdığım, dil açdığım, böyüdüyüm babamın həyəti idi. Biz maşınlardan enər-enməz, yağış yağmağa başladı. Göy üzü dolduğu kimi də boşaldı. Amma bizim gözlərimiz boşalmadı. Bizim gözlərimiz gülürdü, evlərimiz yox idi, yüyrük asıb yelləndiyimiz, altında gözəl günlər yaşadığımız ağaclar yox idi, amma bizim gözlərimiz yenə gülürdü.
Bir neçə gün öncə yazdığım bir yazı burada öz təsdiqini yenə tapdı.
Xaraba qalmış evinin önündə dayanan biri o birisinə deyir:
-Ora bax.
-Baxıram.
-Nə görürsən?
-Heç nə...bəs sən nə görürsən?
-Evimizi.
-Axı, orada ev yoxdur.
-Bəs, nə var?
-Daşa dönmüş, mamırlanmış daş yığını.
-Sən gördüyünü deyirsən, mən isə xatırladığımı...
Həqiqətən də o insanlar o xarabalıqda evlərini bütöv görürdülər. Necə qoyub getmişdilər, bax elə.
Yağış kəsdi, daha yağmadı, gün çıxdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı səmimi söhbət yarandı. Ölkə rəhbərini öz elində görmək, hətta, öz evində görmək bir başqa qürur idi. İstəyirdim deyim ki, Siz bizim evə xoş gəlmisiniz, amma imkan tapıb deyə bilmirdim. Hər kəsin ürəyi o qədər dolu idi ki, hər kəs bu anlar üçün o qədər təşəkkür etmək istəyirdi ki, mən ancaq susmaqla kifayətləndim. Böyüklərimin yerini bildim. Amma bu gün demək istəyirəm ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Mehriban xanım, biz Sizə minnətdarıq, Siz bizim evimizə xoş gəlmisiniz. O dayandığımız yer mənim babamın evidir.