ELM VƏ TƏHSİL
Belarus Milli Elmlər Akademiyasının nümayəndələri AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində olublar
Bakı, 18 may, AZƏRTAC
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Mikrobiologiya institutlarının, Mərkəzi Nəbatat Bağının rəhbər şəxsləri ilə Belarus Milli Elmlər Akademiyasının nümayəndələrinin görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA vitse-prezidenti xidmətinin elmi katibi Afiq Məmmədov AMEA-da Belarus Respublikasının elmi-tədqiqat müəssisələri və alimləri ilə əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb.
Toplantıya sədrlik edən AMEA-nın Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova görüş iştirakçılarına qonaqlar haqqında məlumat verib.
Görüşdə çıxış edən Heyvandarlıq üzrə Elmi-Praktik Mərkəzin baş direktoru Dmitri Boqdanoviç rəhbərlik etdiyi mərkəzin ayrı-ayrı institut və laboratoriyalarında tələb olunan xüsusiyyətlərə (süd, ət məhsuldarlığı və s.) malik kənd təsərrüfatı heyvanlarının genetik təkmilləşdirilməsi, insan sağlamlığı üçün zərərsiz qida məhsullarının istehsalı, qiymətli damazlıq mal-qara ehtiyatının artırılması prosesi üzrə işlərdən danışıb.
Ət və Süd Sənayesi İnstitutunun direktoru Qordey Qusakov rəhbərlik etdiyi institutun fəaliyyətinin Belarus Respublikasının süd və ət sənayesinin təkmilləşdirilməsi və elmi təminatına yönəldildiyini bildirib. O, həmçinin ət və süd sənayesinin elmi-texnoloji təminatı, müəssisələrin mütəxəssislərinə elmi-metodiki və konsultativ yardımın göstərilməsi, dövlət və sənaye proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
Belarus Milli Elmlər Akademiyasının Ərzaq Məhsulları üzrə Elmi-Praktik Mərkəzinin ərzaq məhsullarının standartlaşdırılması və keyfiyyəti üzrə direktor müavini Yelena Morqunova isə müxtəlif əhali qrupları üçün yeni rəqabətqabiliyyətli qida məhsulları seriyasının yaradılması, yeni texnologiyaların və layihələrin işlənib hazırlanması üzrə aktual problemlərin həlli istiqamətində Ərzaq Məhsulları üzrə Elmi-Praktik Mərkəzin yerinə yetirdiyi işlərdən danışıb, iclas iştirakçılarını istehsal olunan Belarus məhsulları ilə daha yaxından tanış olmaq üçün keçiriləcək sərgiyə dəvət edib. O, əlaqələri daha da genişləndirmək üçün elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində əməkdaşlıq təkliflərini bildirib.
Daha sonra qonaqlara müvafiq istiqamətlərdə AMEA-nın institutlarında aparılan tədqiqatlar haqqında məlumat verilib, gələcək əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.