REGİONLAR
Belarus Mogilyov Dövlət Ərzaq Universiteti ADAU ilə əməkdaşlıq əlaqələrinə böyük önəm verir
Gəncə, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Belarus Mogilyov Dövlət Ərzaq Universitetinin dəvəti ilə həmin təhsil müəssisəsində olub.
Universitetin Mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfərin məqsədi hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması, beynəlxalq səviyyəli layihələrdə iştirak, o cümlədən “Horizon-2020”də tərəfdaşlıq, professor-müəllim-tələbə heyətinin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələlərini müzakirə etməkdir.
Universitetin rektoru Maksim Kirkorla görüşən İ.Cəfərov ADAU-nun timsalında aqrar təhsilə dövlət dəstəyi barədə danışıb, əməkdaşlığın perspektiv istiqamətlərini vurğulayıb.
Rektor M.Kirkor ADAU ilə əməkdaşlıq əlaqələrinə çox böyük önəm verdiyini və bu istiqamətdə görüləcək işlərin əhəmiyyətini bildirib.
Səfər çərçivəsində rektor İ.Cəfərov “Mikrofloranın bitki mənşəli ərzaq məhsullarının saxlanması və keyfiyyətinə təsiri” mövzusu ilə universitetin müəllimləri və tələbələri qarşısında çıxış edib, onların suallarını cavablandırıb.