Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin gənclər şöbəsinin nümayəndələri “F.-ART.BY” festivalının təntənəli bağlanışı mərasimində iştirak etmişlər
AzerTAg.az
Bakı, 27 dekabr (AZƏRTAC). Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin gənclər şöbəsinin nümayəndələri “F.-ART.BY” respublika festivalının Belarus Milli Kitabxanasında keçirilmiş təntənəli bağlanış mərasimində iştirak etmişlər. Bu barədə AZƏRTAC-a konqresin mətbuat xidmətindən məlumat vermişlər.
Noyabr və dekabr aylarında Belarus Dövlət İqtisad Universitetində təhsil alan xarici tələbələr, o cümlədən azərbaycanlılar xarici tələbələrlə iş üzrə dekanlığın köməyi ilə xarici tələbələrin “F.-ART.BY” respublika yaradıcılıq festivalına hazırlaşmışlar. Əcnəbi və belorus tələbələrin iştirakı ilə müxtəlif tədbirlər – konsert, tələbə özünüidarə şurasının iclası, tematik diskotekalar, istirahət gecələri və s. təşkil olunmuşdur.
Festivalın rəsmi bağlanışı mərasimində təhsil nazirinin müavini Viktor Yakjik iştirakçıları salamlamışdır. O, festivalın bütün iştirakçılarına təhsildə və yaradıcılıqda uğurlar arzulayaraq demişdir: “Həmişə yadınızda saxlayın ki, harada yaşayıb işləsəniz də sizin doğma ocağınız Belarusdadır”.
Konsert proqramında Hindistan, Belarus, Venesuela, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Çin və Nigeriyadan, başqa ölkələrdən olan tələbələr iştirak etmişlər. Tamaşaçılar tərəfindən hərarətlə qarşılanmış Azərbaycan tələbələrinin də çıxışı yaddaqalan və koloritli olmuşdur. Onlar festivalda Azərbaycanın milli rəqs elementləri olan “Azərbaycan-Türkiyə” kompozisiyasını təqdim etmişlər.
Onuncu, yubiley “F.-ART.BY” festivalı Belarus Respublikasının müxtəlif tədris müəssisələrindən rekord sayda – 250 min nəfərdən çox iştirakçı toplamışdır. Bütün ölkələrin tələbələri özlərini və öz vətənlərini çox parlaq və emosional çıxışları ilə təqdim etmişlər.


Xəbərin mətnində orfoqrafik səhv var