CƏMİYYƏT


Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti Bakının mədəni və tarixi abidələri ilə tanış olub

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanda səfərdə olan Belarus Respublikası İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakının mədəni və tarixi abidələri ilə tanış olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlara Mərkəz haqqında məlumat verilib. Qeyd edilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil və mədəniyyətin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, ölkəmizin tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, regional və beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaradıb.

Nümayəndə heyəti daha sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"in kollektivinə fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.