MƏDƏNİYYƏT
Belarus Respublikasının Prezident Kitabxanasının əməkdaşları Milli Kitabxanada olublar
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Belarus Respublikasının Prezident Kitabxanasının prezident iqamətgahı filialının müdiri Tatyana Anatolyevna və Fondla işlər bölməsinin müdiri Natalya Pavlovna M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, səfər Milli Kitabxananın sosial-mədəni fəaliyyəti ilə yaxından tanış olmaq və istifadəçilərə informasiya xidmətlərinin müasir metodları sahəsində təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqlara kitabxananın fəaliyyət istiqamətləri, zəngin fondu, eyni zamanda, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kataloq, virtual xidmət imkanları, oxuculara yaradılmış müasir informasiya xidməti haqqında geniş məlumat verib.
Daha sonra Belorus Respublikasının Prezident Kitabxanasının əməkdaşları Milli Kitabxananın iş təcrübəsi ilə yaxından tanış olmaq üçün “Kitab fondlarının mühafizəsi”, “Oxuculara xidmət”, “Nadir kitablar və kitabxana muzeyi”, “Elektron resursların yaradılması”, “Not nəşrləri və səsyazmaları” və digər şöbələrdə olublar. Qonaqlar kitabxanada gedən yenidənqurma işləri ilə yaxından tanış olaraq avtomatlaşdırılma prosesinin dünya kitabxanaları səviyyəsində olduğunu qeyd edərək bu işi yüksək qiymətləndiriblər.
Qonaqlar, eyni zamanda, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən, Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan “Açıq kitabxana”da olublar. Qonaqlarda onlarda xoş təəssürat yaradan bu layihənin yaranma tarixi ilə maraqlanıblar. “Açıq kitabxana” layihəsi haqqında qonaqlara ətraflı məlumat verilib.
Sonda qonaqlara ölkəmizlə bağlı kitablar və Qara Qarayevin “Yeddi gözəl” əsərinin diski təqdim edilib.