REGİONLAR


Belarus Respublikasının bir qrup gənci Naxçıvanda səfərdə olub

Naxçıvan, 27 noyabr, AZƏRTAC

Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, belaruslu gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Səfər zamanı Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində görüş keçirilib. Qonaqları salamlayan gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəallıq göstərirlər. Onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsi yad edilərək, gənclərə onların keçdiyi qəhrəmanlıq yolu barədə ətraflı məlumat verilir, muzeylərimizə, tarixi abidələrimizə ekskursiyaları təşkil edilir, filmlər nümayiş olunur. Bu gün gənclərimizin bütün sahələrdə uğur qazanması onu göstərir ki, onlara dövlətimiz tərəfindən böyük diqqət və qayğı var.

Qeyd olunub ki, Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi, eyni zamanda, İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar keçirilən bir sıra ölkə və beynəlxalq səviyyəli tədbirlərdə də gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği, onların yaradıcılıq potensialının üzə çıxarılması və intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılıb.

Qədim diyarımızın belaruslu gənclərdə zəngin təəssüratlar yaradacağını vurğulayan Məcid Seyidov bildirib ki, son illər Naxçıvanda idmanın kütləviliyi də diqqət mərkəzində saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlara hədiyyələr təqdim olunub.

Tədbirdə Naxçıvan Musiqi Kolleci tələbələrinin, eləcə də belaruslu gənclərin ifasında səslənən musiqilər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Gənclik” Mərkəzində belaruslu gənclərin əl işlərindən ibarət sərgi də açılıb. Qonaqlar, həmçinin Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.