DÜNYA
Belarus neft emalı zavodları emal dərinliyini artıracaqlar
Minsk, 7 sentyabr, AZƏRTAC
“Belneftexim” konserninin sədr müavini Vitali Pavlov “Vestnik Belneftexima” jurnalına müsahibəsində bildirib ki, Belarus neft emalı zavodlarının (NEZ) mərhələlər üzrə modernləşdirilməsi davam etdiriləcək və bunun sayəsində neft emalının dərinliyini artırmaq mümkün olacaq.
AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, V.Pavlov deyib: “Biz dünya üzrə ən yaxşı nailiyyətlərə istiqamətlənərək Belarus NEZ-lərinin mərhələlər üzrə modernləşdirilməsini davam etdirməyi planlaşdırırıq. Hazırda 2025-ci ilə qədər olan dövr üçün modernləşdirmə planları nəzərdən keçirilir. Bunun üçün külli məbləğdə sərmayə qoyulacaq, lakin onlar öz xərcini çıxaracaq. İnvestisiya xərclərini zavodlar özləri ödəyəcəklər. Bunun üçün onlar “dövlət büdcəsini gərginləşdirmədən” öz mənfəətlərindən və bank kreditlərindən istifadə edəcəklər”.
V.Pavlov NEZ-lərin inkişafına dair proqramların həyata keçirilməsi barədə məlumat verərək qeyd edib ki, bu proqramları konsernlə bərabər, hökumət də təsdiq edir, hökumət həm də bu proqramların icrasına ciddi nəzarət edir. Məsələn, ötən beşillikdə Mozır NEZ-də 13 layihə həyata keçirilib. “Naftan” ASC 16 layihəni reallaşdırıb. Çox genişmiqyaslı layihələr – “Naftan”da neft qalıqlarının tədricən kokslaşması kompleksi və Mozır NEZ-də ağır neft qalıqlarının hidrokrekinqi üzrə kompleks aktiv tikinti mərhələsindədir. V.Pavlov deyib: “Nəticə etibarilə neftin emal dərinliyi 88-89 faizə çatacaq, yüngül neft məhsullarının payı 63 faiz səviyyəsində olacaq. Avropa standartına uyğun yüngül neft məhsulları istehsalı artacaq”.
2016-2020-ci illərdə Mozır NEZ-in modernləşdirilməsi proqramlarının başa çatdırılması üçün bu layihələrin maliyyələşdirilməsinə təxminən 1 milyard dollar, “Naftan” üçün 426 milyon dollara yaxın vəsait lazımdır. Zavodlar xarici kredit xətlərinin, habelə Belarus banklarının vəsaitlərinin cəlb edilməsi üçün iş aparırlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk