İQTİSADİYYAT
Belarus şirkətləri Qarabağda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır
Bakı, 18 avqust, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan və Belarus işgüzar dairələrinin ikitərəfli görüşü keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki ölkənin meşə təsərrüfatı, tikinti materialları və mebel istehsalı ilə məşğul olan 20-dən çox şirkətin nümayəndələri iştirak edib.
AZPROMO-nun müşaviri Tural Hacılı ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən, Azərbaycanın Belarusdakı Ticarət Evinin uğurlu fəaliyyətindən danışıb, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.
Belarus Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Vladimir Çuşev ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artdığını, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın mövcudluğunu, işgüzar görüşlərin əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb.
Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.