CÜMHURİYYƏT - 100


Belarusda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan rəsmi qəbul təşkil edilib

Minsk, 30 may, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş rəsmi qəbul təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Belarusun dövlət, hökumət və parlament nümayəndələri, Minskdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Belarus ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri və Belarusda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirdə əsas qonaq qismində Belarus Respublikası Nazirlər Soveti sədrinin müavini V.Semaşko və parlamentin sədr müavini B.Priştuk iştirak ediblər. Həmçinin tədbirə Belarusun müdafiə naziri A.Ravkov, daxili işlər nazirinin birinci müavini İ.Podqurskiy, MDB İcraiyyə Komitəsi sədrinin müavini A.Smaqulov və Belarus parlamentinin daimi komissiya sədrləri qatılıblar.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək 100 il bundan əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verib. Səfir bildirib ki, 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olub və bununla da xalqımız yüz illər boyu müstəqil dövlət qurmaq arzusunu gerçəkləşdirib. O bildirib ki, 70 il Sovet İttifaqının tərkibində olan və 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan edərək bu gün tərəqqi və inkişaf yolu ilə addımlayır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi, siyasi islahatlar sayəsində Azərbaycan regionun lider, dünyanın isə hörmət olunan layiqli dövlətinə çevrilib.

Səfir vurğulayıb ki, 1991-ci ildə olduğu kimi, 1918-ci ildə də müstəqilliyini elan edən AXC-nin qarşılaşdığı əsas problem Ermənistanın təcavüzkar işğalçı siyasəti olub. O, AXC-nin ərazisinin 114 min kvadratkilometr olduğunu qeyd edərək, SSRİ dövründə aparılan siyasətin nəticəsində 86.6 min kvadratkilometrə qədər azaldığını, bu gün isə həmin ərazilərin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu bildirib, Azərbaycan Xalq Cümhuriyyətinin və müasir Azərbaycanın xəritələrini əyani şəkildə qonaqlara nümayiş etdirib. AXC-nin qurulmasının Azərbaycan xalqını fiziki cəhətdən məhv olmaq təhlükəsindən xilas etdiyini söyləyən diplomat 1918-ci il mart hadisələrinə toxunaraq ermənilərin Azərbaycan torpaqlarında öz dövlətlərini qurmaq istədiklərini, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etdikdən sonra Ermənistanın təkrar torpaq iddialarının nəticəsində hərbi təcavüzə və 1992-ci ilin fevral ayında XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımına məruz qaldığını söyləyib.

Vurğulanıb ki, 1993-cü ildə müstəqilliyi itirmək və məhv olmaq təhlükəsi qarşısında qalarkən xalqımız ulu öndər Heydər Əliyevə müraciət edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra onun uzaqgörən siyasəti nəticəsində atəşkəs əldə edilib, ölkə iqtisadiyyatı güclənərək dünya iqtisadiyyatında öz yerini tapıb və güclü ordu yaradılmasına nail olunub. Belə bir siyasət ölkəmizi mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasını təmin edib.

Səfir bildirib ki, son 25 ildə əldə etdiyimiz iqtisadi, siyasi, mənəvi və hərbi gücümüz sayəsində ölkəmizin təhlükəsizliyi təmin edilərək münaqişənin təcili həll olunması tələbi beynəlxalq gündəliyə çıxarılıb. O, Azərbaycanın yeganə həll olunmamış probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və 1 milyondan artıq Azərbaycan vətəndaşının öz vətənində qaçqın vəziyyətinə düşməsi olduğunu söyləyib. İşğal olunmuş ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətin gözü qarşısında 25 ildir ki, icra olunmamış qalmaqdadır. O, Azərbaycanın ərazi bütövlüyü məsələsində ədalətli və prinsipial mövqeyinə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib.

Sonra səfir Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərə toxunaraq bildirib ki, ölkələrimizin iki böyük lideri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri nəticəsində münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Prezidentlər arasında münasibətlər dövlətlərarası münasibətlərə nümunə olub.

Tədbirdə əsas qonaq qismində iştirak edən Belarus Respublikası Nazirlər Soveti sədrinin müavini, Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Vladimir Semaşko çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xalqımızı təbrik edib. O bildirib ki, xalqlarımız arasında əlaqələr qarşılıqlı etibar və səmimiyyət sayəsində daim möhkəmlənir, biz ənənəvi qardaşlıq və dostluq münasibətlərimizə görə fəxr edirik.

Sonra qonaqlara ziyafət verilib.

Tədbirdə Belarus Prezidentinin simfonik orkestrinin solistlərinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Niyazinin, Tofiq Quliyevin, Sultan Hacıbəyovun əsərlərindən ibarət klassik musiqi nümunələri, “Sarı gəlin” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri qonaqların marağına səbəb olub. Mərasim keçirilən zalın foyesində Azərbaycan Xalq Cümhuriyyətinin dövrünü əks etdirən fotoşəkillərdən ibarət sərgi də qonaqlar tərəfindən maraqla qarşılanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.