SİYASƏT


Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib

Bakı, 14 iyun, AZƏRTAC

Belarus Respublikasının Slutsk şəhərində Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin xatirəsi anılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəhrəmanın vəfatının növbəti ildönümündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri onun məzarını ziyarət ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə, həlak olan qəhrəmanın məzarının üzərinə müdafiə nazirinin adından əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə A.Davidoviçin gənclik və xidmət illərindən danışılıb, onun göstərdiyi şücaət xatırlanıb. Vurğulanıb ki, 1992-ci il iyunun 13-də qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaəti Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

Sonra hərbi attaşelik aparatının əməkdaşları qəhrəmanın anası Kima Andreyevnaya müdafiə naziri adından başsağlığı verərək, onun ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Kima Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama, özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.