SİYASƏT
Belarusda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir
Bakı, 30 dekabr (AZƏRTAC). Belarusda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.
Əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilmişdir.
Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə keçirilən tədbirdə bu ölkənin dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri və diaspor fəalları iştirak etmişlər.
Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 50 milyondan çox soydaşımızı bir bayraq altında birləşdirən milli məfkurə bayramıdır. N.Bağırov qonaqlara təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə məlumat vermişdir.
Tədbirdə iştirak edən İsrailin Belarusdakı səfiri İosif Şaqal demişdir ki, həmrəylik günü dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı üçün böyük bayramıdır. Bu bayram həm də Azərbaycanda yaşayan bütün xalqların birlik və həmrəylik təntənəsinə çevrilmişdir. Səfir demişdir: “Artıq 20 ildən çoxdur ki, mən və mənim ailəm, o cümlədən əslən Azərbaycandan olan bütün yəhudilər dahi Heydər Əliyevin bizlərə miras qoyduğu 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük bayram kimi qeyd edirik. Fürsətdən istifadə edib başda Prezident İlham Əliyev olmaqla dünya azərbaycanlılarını bu əziz bayram münasibəti ilə ürəkdən təbrik edirəm”.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev, Belarus Azərbaycanlı Gənclər Birliyinin sədri Elvira İmanova, Belarus Azərbaycan İcmaları Konqresinin idarə heyətinin üzvü Gülnarə İmanova, Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri Eleonora Hüseynova və digər soydaşlarımız çıxışlarında dünya azərbaycanlılarının milli dövlətçilik məfkurəsi altında birləşməsində dahi Heydər Əliyev şəxsiyyətinin müstəsna xidmətlərindən danışmışlar.
Sonra tədbir Belarus Azərbaycanlı Gənclər Birliyinin mahnı və rəqs ansamblının maraqlı konsert proqramı ilə davam etmişdir. Gənc istedadların milli rəqsləri qonaqlara xoş ovqat bəxş etmişdir.