DÜNYA
Belarusda beynəlxalq şirkətlərin e-xidmətlərindən ƏDV tutulacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Belarusda mobil proqram təminatlarının, onlayn oyunların və filmlərin satışından vergi tutmaq planlaşdırılır.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, Belarusdan kənarda yerləşən və bu ölkənin ərazisində fəaliyyət göstərən beynəlxalq şirkətlərin elektron xidmətlərindən ƏDV tutulacaq.
Gözlənildiyinə görə, ƏDV tutulacaq elektron xidmətlərə filmlərə baxmaq, musiqi dinləmək, məlumat bazasından istifadə etmək, oyun oynamaq və proqram təminatından istifadə etmək imkanının əldə edilməsi, eləcə də proqram təminatının yenilənməsi aid ediləcək.
Verginin 2018-ci ildən qüvvəyə minəcəyi nəzərdə tutulur. ƏDV-nin hansı metodika üzrə tutulacağı hələ dəqiq məlum deyil, bu məsələ üzərində iş aparmaq üçün mütəxəssislərə tapşırıq verilib.
Elektron xidmətlər Avropa İttifaqında 2015-ci ildən vergiyə cəlb olunub, 2017-ci ildən isə bu xidmətlərə Rusiya da ƏDV tətbiq edəcək.