MƏDƏNİYYƏT


Belarusda dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Minsk, 19 avqust, AZƏRTAC

Belarusun paytaxtı Minsk şəhərindəki Veteranlar Mədəniyyət Sarayında dünyaşöhrətli müğənni, Azərbaycanın layiqli oğlu Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Əbədi ulduzun işığı” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertin açılışında çıxış edən səfir Ülvi Baxşəliyev iştirakçılara Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Diplomat deyib: “Azərbaycan xalqının dahi oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyi qeyd edilir. Biz Müslüm Maqomayevlə fəxr edirik. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Vətənə çox bağlı insan idi. Müslüm Maqomayev fəaliyyətinin böyük hissəsini Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrol səfərlərində keçirsə də, ildə bir neçə dəfə Bakıya gələrək konsertlər verirdi. Onun böyük ustad olduğunu təsdiqləyən yalnız iki faktı göstərmək kifayətdir. O, Azərbaycanın Xalq artisti adına layiq görüləndə hələ 30 yaşı olmamışdı. 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görüldü”.

Səfir diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində dəyərli töhfələr vermiş görkəmli ustad, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakının Dənizkənarı Milli Parkının ən gözəl guşələrindən birində dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Konsertdə Belarus Respublikasının Əməkdar artisti Aleksey İsayev Müslüm Maqomayevin mahnılarını ifa edib.

Tədbir iştirakçıları böyük sənətkarın mahnılarını böyük maraq və alqışlarla qarşılayıblar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.