SİYASƏT
Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresi Ermənistanın əməllərini kəskin pisləyib
Minsk, 6 iyun, AZƏRTAC
Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Azərbaycanda mülki əhlinin erməni separatçılarının basdırdıqları minalardan həlak olmaları ilə əlaqədar müraciət yayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə Azərbaycan dövlətinin dəfələrlə Ermənistana minalanmış ərazilərin xəritəsinin verilməsini istəsə də, rəsmi İrəvan bundan imtina etdiyi vurğulanıb. Bildirilib ki, bu azmış kimi Ermənistanın diversiya qrupu Azərbaycanın ərazisinə daxil olaraq yaşayış yerlərinə, yollara yeni minalar basdırır. Nəticədə mülki şəxslər həlak olur və yaralanır. Bunun bariz nümunəsi kimi, iyunun 4-də içərisində jurnalistlərin və digər mülki şəxslərin olduğu avtobusun ermənilər tərəfindən basdırılmış tank əleyhinə minaya düşdüyü və nəticədə üç nəfərin həlak olduğu qeyd edilib.
Müraciətdə vurğulanıb ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır. “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Ermənistanın bu əməlini kəskin pisləməyə çağırıb. Qeyd edib ki, jurnalistlərin peşə borcunu yerinə yetirməsi zamanı həlak olması mətbuata və azad sözə qarşı terror aktıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk