QAN YADDAŞI
Belarusda keçirilən anım tədbirində sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qətliam pislənilib
Minsk, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdə səfirliyin əməkdaşları, Belarusda yaşayan Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.
Səfirliyin müşaviri Zülfüqar Tanarverdi 20 Yanvar faciəsi ilə bağlı məlumat verib və həmin günün, Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. O, həmin günlərdə bir çox dinc sakinin sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildiyini vurğulayıb və şəhidlərimizin xatirəsinin hər il həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda yad edildiyini bildirib. Z.Tanarverdi deyib ki, həmin ağır günlərdə ümummilli lider Heydər Əliyev Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etiraz bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu ittiham etdi və qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Müşavir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha təsiredici şəkildə çatdırılmasında xaricdə yaşayan həmvətənlərimizin fəallığının zəruri olduğunu bildirib. O, Belarusda yaşayan diaspor üzvlərinin bu məqsədlə daim birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Sonda 20 Yanvar hadisələrinə həsr olunan sənədli film nümayiş etdirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk