ELM VƏ TƏHSİL
Belarusda keçirilən beynəlxalq tədbirdə Azərbaycanın iqlim ehtiyatlarından danışılıb
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası nəzdində Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şuranın və Beynəlxalq Elmi Seminarın 23-cü sessiyasının işində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Belarusun Qrodnı şəhərində keçirilən "MDB regionu və ölkələrində yaşıl iqtisadiyyata keçidin ekoloji və coğrafi problemləri" adlı tədbirdə 7 ölkədən 50 coğrafiyaçı alim iştirak edib. Təmsilçimiz sessiya çərçivəsində “Yaşıl infrastrukturun təşkili və yaşıl iqtisadiyyata keçidin əsası kimi ekosistem xidmətlərinin inkişafı” mövzusunda keçirilən dəyirmi masada da iştirak edib. O, tədbirdə akademik Ramiz Məmmədovla birgə hazırladığı “Azərbaycanın iqlim ehtiyatları və yaşıl iqtisadiyyat məqsədilə onlardan istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edib.