SİYASƏT
Belarusda keçirilən tədbirdə Ulu Öndərin mənalı ömür yoluna nəzər salınıb
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyində tədbir keçirilib.
Səfirliyin foyesində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş Azərbaycan, rus və ingilis dillərində kitablardan ibarət sərgi nümayiş etdirilib.
Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüb, dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə səfir Lətif Qəndilov müstəqil Azərbaycanın qurucusu, dünyanın Ruzvelt, Çörçil, Atatürk və Den Siyapin kimi böyük şəxsiyyətləri ilə bir sırada duran ulu öndər Heydər Əliyevin böyük və mənalı ömür yoluna nəzər salıb. O, Ulu Öndərin həyatının 4 dövründən (Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövr, Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövr, Sovet İttifaqı Kommunist Partiyasının siyasi bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini olduğu dövr və müstəqil Azərbaycanı qurduğu dövr) danışaraq daim xalqı ilə yaşayan, qəlbində vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyətin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində tədbir iştirakçılarına geniş məlumat verib.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev işlədiyi hər bir yerdə dövlətinə və xalqına xidmət edərək milli kimlik və mənsubiyyətini hər bir şeydən üstün tutub.
Səfir bildirib ki, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciə ilə əlaqədar ertəsi gün bütün təhlükələrə, təhdid və təzyiqlərə baxmayaraq ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, mətbuat konfransı keçirərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etməklə Azərbaycanın səsini bütün dünyaya çatdırıb və bununla baş verə biləcək daha böyük faciələrin qarşısını alıb.
Qeyd edilib ki, Heydər Əliyev sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsinin əsaslarını qoyub. Müstəqilliyimizin bərpası məhz sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələrdə yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycanın müstəqil siyasi xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu məhz həmin dövrdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş möhkəm bünövrə üzərində qurulub və bu gün də uğurla davam etdirilir. Səfir qeyd deyib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq müstəqilliyimiz tarixində böyük bir faciənin, vətəndaş müharibəsinin qarşısını alıb və ermənilərin məkrli planlarının baş tutmamasına nail olub. Ulu Öndərin yeni neft strategiyasından danışan səfir bildirib ki, Ümummilli Liderimiz “Əsrin müqaviləsi”ni imzalamaqla, Azərbaycanın dünya iqtisadi sistemindəki gələcək uzun dövr üçün yerini müəyyənləşdirib. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan möhkəm təməllər üzərində dayanaraq dünyanın hörmət olunan layiqli dövlətinə çevrilib.
Səfir bildirib ki, ulu öndər Heydər Əliyevin həyatı bütün azərbaycanlılar, o cümlədən gənclərimiz üçün nümunədir və müasir Azərbaycan onun şah əsəridir.
Tədbirdə “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov çıxış edərək Ulu Öndərin hər zaman xaricdə yaşayan azərbaycanlılara böyük diqqət və qayğı göstərdiyini bildirib. O qeyd edib ki, Heydər Əliyevin ömür yolu bizim üçün həyat məktəbi, birlik və bərabərlik nümunəsidir.
“Azərbaycan İcmaları Konqresi”nin üzvü Məsləhət Şükürov öz çıxışında xaricdə yaşayan hər bir azərbaycanlının öz milli kimliyini unutmaması üçün ulu öndər Heydər Əliyevin həyatından nümunə götürməli olduğunu vurğulayıb.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.