SİYASƏT


Belarusda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Minsk, 11 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin foyesində Ulu Öndərin həyat və fəaliyyətinə dair fotosərgi nümayiş etdirilib. Tədbir iştirakçıları əvvəlcə səfirliyin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə səfir Ülvi Baxşəliyev çıxış edərək, müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri və mənalı həyat yolu barədə iştirakçılara ətraflı məlumat verib. Məhz Heydər Əliyevin Azərbaycanın tarixi keçmişini bərpa etdiyini, milli-mənəvi irsini, dəyərlərini özünə qaytardığını, milli adət-ənənələrini yaşatdığını və təməli Ulu Öndər tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb.

Səfir ulu öndər Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanmasında müstəsna rolu, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına göstərdiyi diqqət barədə geniş məlumat verib. Heydər Əliyevin Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayının soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etdiyini vurğulayan səfir, bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Ümummilli Lider tərəfindən Fərman imzaladığını bildirib.

Ülvi Baxşəliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, işğal altında olan torpaqların işğaldan azad ediləcəyi və Azərbaycan xalqının öz dədə-baba torpaqlarına qayıdacağına dair Ulu Öndərin 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında dərin məzmunlu çıxışını xatırladaraq, dahi rəhbərin yürütdüyü məqsədyönlü siyasətin, əslində, Azərbaycanımızı Böyük Zəfərə aparan yol olduğunu bildirib.

Ümummilli Liderin ölkəmizin ərazi bütövlüyünün bərpasına dair arzularının 44 günlük Vətən müharibəsi nəticəsində reallaşdığını diqqətə çatdıran səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının bundan sonra da tariximizin yeni şanlı səhifələrini yazacağına əminliyini ifadə edib.

Sonra tədbirdə iştirak edən Azərbaycanın Belarusdakı diaspor fəalları Ulu Öndərin diasporun inkişafındakı xidmətləri barədə çıxış ediblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.