REGİONLAR


Belaruslu gənclər: Naxçıvan turizmin inkişafı üçün cazibədar məkandır

Naxçıvan, 28 noyabr, AZƏRTAC

Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından gələn bir qrup gənc Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olublar.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən qonaqlar təəssüratlarını AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları ilə bölüşüblər.

Baranovski Dövlət Universiteti, “Belarus üçün 100 ideya” müsabiqəsinin finalçısı Nadejda Şebet: Əvvəlcə tədbirin təşkilatçılarına minnətdarlığımızı bildiririk. Keçirilən bu tədbir bir çox xüsusiyyətlərinə görə fərqlənir. Qeyd edim ki, bu, mənim Azərbaycana, Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Səfər çərçivəsində biz muzeylərdə olduq. Xüsusilə Duzdağ Fizioterapiya Mərkəzi diqqətimi daha çox cəlb etdi. Belə bir yerin mövcudluğu həm də Naxçıvanın turizm imkanlarının nə qədər geniş olmasından xəbər verir. İlk dəfə qədim diyarınızda keçirilən Belarus günlərində naxçıvanlı gənclərə öz mədəniyyətimiz haqqında ətraflı məlumat verməyə çalışdıq. Onların əl işlərimizə maraq göstərməsi isə bizi sevindirdi. Nə vaxtsa yenidən Naxçıvana qayıdacağıma inanıram.

Belarusun Ekologiya və Ölkəşünaslıq Mərkəzinin Vətənpərvərlik şöbəsinin müdiri Kristina Borbut: Tədbirin Naxçıvanda keçirilməsi çox gözəl oldu. Düşünürəm ki, bu, Azərbaycanla, xüsusilə Naxçıvanla Belarus arasında olan əlaqələri, münasibətləri genişləndirəcək, yeni layihələrin gerçəkləşdirilməsinə təkan verəcək. Çalışdığım işlə birbaşa bağlı olduğu üçün gənclərə vətənpərvərlik ruhunu aşılamaq, onlarla digər xalqların nümayəndələri arasında gözəl münasibətlər qurmaq əsas məqsədimdir. Naxçıvanda gənclərlə xeyli söhbətlərimiz oldu. Xüsusilə gənclər üçün yaradılan hərtərəfli şərait diqqətimi cəlb etdi.

Naxçıvan çox gözəl şəhərdir. İstər təmizliyi, istər yeni binaları, istərsə də sakitliyi ilə digər şəhərlərə nümunədir. Bu şəhərdəki Heydər Əliyev Muzeyində görkəmli dövlət xadiminin fotoları və xalça üzərində işlənmiş rəsmi insanı heyran edir.

Belarus Təhsil Nazirliyinin baş məsləhətçisi Tatyana Rubanik: “Azərbaycanda Belarus gəncləri günləri”nin keçirilməsi əlamətdar hadisədir. Bu, iki dövlət arasında münasibətlərin nə qədər inkişaf etdiyini göstərir. İstər təhsil, istər mədəniyyət, istərsə də idman sahəsində belə tədbirlərin təşkil olunması həm də gənclərimiz arasında münasibətlərin qurulmasına şərait yaradır. Gənclər bir yerə toplaşaraq fikir mübadiləsi aparır, öz sahələri üzrə məsələləri müzakirə edirlər. Naxçıvanda da belə oldu.

Naxçıvan Muxtar Respublikası haqqında ətraflı məlumatım olduğuna görə bura gəlməmişdən öncə gənclərimizə qədim diyar haqqında bəhs etmişdim. Amma gəlib gördüklərim məni daha çox təəccübləndirdi. Vurğulamaq istərdim ki, “Təmiz şəhər” statusu verilərsə, ilk olaraq bu ada Naxçıvan layiq görülməlidir. Gənclərin bizə qarşı isti münasibəti, onların keçirilən tədbirlərdə fəallıq göstərmələri və sərgidə Belarus mədəniyyətinə olan maraqları bizi çox sevindirdi. Şəhər mərkəzindəki Heydər Əliyev Muzeyinə, həmçinin Duzdağ Fizioterapiya Mərkəzinə gəzinti təşkil olundu. Deyə bilərəm ki, Duzdağa müalicəyə gələnlər üçün hər cür şərait yaradılıb. Belə yerlər Naxçıvanın iqtisadiyyatı və turizmi üçün geniş imkanlar açır. Naxçıvan hər zaman mənim yaddaşımda təmiz diyar və gözəl məkan kimi qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.