ELM VƏ TƏHSİL
Belaruslu tələbələr Xocalı soyqırımı qurbanlarını anıblar
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin Belarusdakı nümayəndələri, Belarus Dövlət Pedaqoji Universitetinin müəllimləri və Azərbaycan dilində təhsil alan belaruslu tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımının ağır nəticələrindən danışıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən qırğınların bəşər tarixinin ən qanlı faciələrindən biri olduğunu vurğulayıblar.
Azərbaycan dilində təhsil alan belaruslu tələbələr çıxışlarında 28 il əvvəl Xocalıda neçə-neçə əliyalın azərbaycanlı qocanın, qadının, körpənin ermənilər tərəfindən xaincəsinə qətlə yetirildiyini ürəkağrısı ilə xatırlayıblar.
Qeyd edək ki, tədbirin keçirildiyi Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Xocalıda ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilən günahsız insanlara aid stend hazırlanıb.