REGİONLAR
Belarusun Azərbaycandakı səfiri Xaçmazda VİDEO
Xaçmaz, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 25-də Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç Xaçmaza gəlib.
AZƏRTAC xəbər verir ki, səfirlə rayon icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan ilə Belarus arasında bütün sahələrdə dostluq münasibətlərinin mövcud olduğu məmnunluq hissi ilə vurğulanıb.
Səfir Nikolay Patskeviç söhbət zamanı ötən ilin iyun ayında Azərbaycanda iki dövlət arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr olunmuş Belarus Respublikasının Mədəniyyəti Günləri keçirildiyini xatırladıb. Həmin vaxt Mədəniyyət Günlərinin proqramına uyğun olaraq geniş tərkibli Belarus nümayəndə heyəti Xaçmaza da səfər edib.
Səfir son illərdə Azərbaycanın xeyli inkişaf etdiyini, o cümlədən Xaçmaz rayonunun da abadlaşdığını diqqətə çatdırıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev öz növbəsində qeyd edib ki, ölkələrimiz mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələrdə yüksək səviyyədə qarşılıqlı əməkdaşlıq edir və bu münasibətlər ildən–ilə daha da genişlənməkdədir.
Şəmsəddin Xanbabayev ötən il Mədəniyyəti Günləri çərçivəsində Belarus incəsənət nümayəndələrinin iştirakı ilə Xaçmazda təşkil olunan konsertdən söz açıb. Bildirilib ki, Belarusun “Svyata” Dövlət xalq musiqi ansamblının, həmvətənimiz, Belarus Respublikası Prezidentinin İstedadlı gənclərə dəstək üzrə xüsusi Fondunun təqaüdçüsü, estrada müğənnisi Günəş Abbasovanın, bir çox nüfuzlu beynəlxalq müsabiqələrin laureatı, bayan çalan Vladislav Pliqovkanın və digər tanınmış incəsənət ustalarının ifaları xaçmazlıların yaddaşında silinməz izlər buraxıb.
Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə Azərbaycan-Belarus dostluğunun inkişafında xidmətlərinə görə Belarus Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.