REGİONLAR


Belarusun Qrodno şəhərinin nümayəndə heyəti Qəbələdə olub

Qəbələ, 9 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Rayon İcra Hakimiyyəti ilə Belarusun Qrodno şəhəri administrasiyası arasında 2016-cı il noyabrın 28-də imzalanan “Regionlararası əlaqələrin qurulması haqqında" sazişə uyğun olaraq, Qrodno şəhərinin meri Meçislav Qoyun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonunda səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti ilə görüş zamanı icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev belaruslu qonaqlara rayonun tarixi, iqtisadiyyatı, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib, 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil etdiyini bildirib. Diqqətə çatdırılıb ki, Qəbələ Azərbaycanın cəlbedici turizm bölgəsi olmaqla yanaşı, həm də beynəlxalq mədəniyyət mərkəzi kimi, ölkənin ictimai həyatında mühüm rol oynayır. Hər il bu şəhərdə bir sıra beynəlxalq tədbirlər, festivallar keçirilir.

Səbuhi Abdullayev vurğulayıb ki, dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında ikitərəfli münasibətlər ildən-ilə daha da möhkəmlənir.

Meçislav Qoy Qəbələ və Qrodno şəhərləri arasında ikitərəfli əlaqələrin, xüsusilə mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Vurğulanıb ki, bu əməkdaşlıq gələcəkdə iqtisadi əlaqələrin və turizmin inkişafına böyük təkan verəcək.

Səfər çərçivəsində belaruslu qonaqlar rayonun tarixi məkanlarına baş çəkib, sənaye müəssisələri, turizm və idman kompleksləri ilə tanış olublar.

Qrodno şəhərinin nümayəndə heyəti Qəbələdən xoş təəssüratlarla ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.