Belarusun vizit kartları – AZƏRTAC-ın fotoreportajında
AzerTAg.az
Minsk, 17 sentyabr, AZƏRTAC
“Stalin arxitektorluğu”nun əzəmətliliyi ilə məşhur olan Minsk şəhəri müasirliyi ilə də seçilir. Geniş prospekt və küçələr, muzeylər, teatrlar, müxtəlif memarlığı ilə fərqlənən binalar, habelə sovet dövründən qalma tikililər şəhəri daha da ecazkar edir.
“Azan sədalı” Minsk
Minsk şəhərinin yeni tikilən binalarından biri də 2500 nəfərin eyni vaxtda ibadət etdiyi məscididir. Buraya gəlişim cümə namazına təsadüf etdiyindən, azan sədası ətraf küçələrə yayılmışdı.
1962-ci ildə sovet rejimi tərəfindən dağıdılan məscidin yenidən inşasına 2014-cü ildə Türkiyə Diyanət Vəqfinin 7 milyon dollarlıq maliyyə dəstəyi ilə başlanmışdı. 2016-cı noyabrın 11-də Türkiyə və Belarus prezidentləri Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenkonun iştirakı ilə məscidin açılışı oldu. Belarusda 30 mindən çox müsəlmanın yaşadığını nəzərə alsaq, ölkədə məscidlərin fəaliyyəti tolerant münasibətin göstəricisidir. Onu da qeyd edim ki, Belarusda 11 məscid fəaliyyət göstərir.
“Belarus almaz”lı kitabxana
Minskdəki Milli Kitabxana Belarusun vizit kartlarından biri hesab edilir. Bura təkcə kitabların zənginliyi ilə yox, ultramüasir və mürəkkəb, yüksək texnologiyalı qeyri-adi arxitekturası ilə fərqlənir. Milli Kitabxananın yeni binasının layihəsi üçün müsabiqə hələ sovet dövründə - 1989-cu ildə elan olunmuşdu. Müsabiqənin qalibləri arxitektorlar – Viktor Kramarenko və Mixail Vinoqradov “Belarus almaz”ı modelini təklif ediblər. Bu, çoxfunksiyalılıq və müasir dizayn hesab edilib.
Milli Kitabxananın açılışı 2006-cı ildə Belarus Prezidentinin iştirakı ilə keçirilib. Hazırda kitabxanada 9 milyon nüsxədən çox kitab saxlanılır. Burada dövlət tədbirlərin keçirilməsi üçün zallar da mövcuddur. Həmçinin turistlər üçün sonuncu 23-cü mərtəbədə şəhərin mənzərəsinə baxmaq üçün xüsusi meydança var. Fürsətdən istifadə edərək həmin yüksəklikdən Minskin mənzərəsini foto-yaddaşa köçürə bildim.
İnsan əlinin yaratdığı “Komsomol gölü”
Minsk şəhərinin turistlər üçün cəlbedici məkanlarından biri də “Komsomol gölü”dür. Bu gölün salınması işlərinə 1940-cı ildən başlanılıb və rəsmi açılışı 1941-ci ilin 22 iyununda baş tutub. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə göl dağıdılıb.
1974-cü ildə göl təmizlənib və dərinləşdirilib. 2010-cu ildə burada yenidənqurma işləri aparılıb. Gölün uzunluğu 1500, eni isə 400 metrdir. Orta dərinliyi 1,9, ən dərin yeri isə 4,5 metr təşkil edir.
Ətrafı parkla əhatə olunan bu ərazini yerli əhali “sevgililər məkanı” da adlandırırlar. Ona görə də yeni evlənən cütlüklər bura gələrək, ürəklərində niyyət tuturlar.
AZƏRTAC Belarusun vizit kartları sayılan həmin məkanlardan fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk





















Xəbərin mətnində orfoqrafik səhv var