İDMAN
Belçika Futbol Federasiyası Roberto Martinesin ”Real”a getməsinə mane olmayacaq
Bakı, 30 oktyabr, AZƏRTAC
Belçika yığmasının baş məşqçisi Roberto Martines Madridin “Real” klubuna başçılıq edə bilər. Bir gün əvvəl “Real” klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə təyin olunmasından cəmi bir neçə ay sonra Xulen Lopeteqini istefaya göndərib.
AZƏRTAC İspaniyanın “La Cadena Ser” radioşəbəkəsinə istinadla xəbər verir ki, Belçika Futbol Federasiyası futbol mütəxəssisini “Kral klubu”na verməyə hazır olduğunu və onun getməsinə mane olmayacağını bildirib. Bununla belə, R.Martines milli komandanı yalnız noyabr ayında Millətlər Liqasının qrup mərhələsi çərçivəsində İslandiya və İsveçrə ilə matçlar oynanılandan sonra tərk edə bilər.
Daha əvvəl verilən məlumata görə, R.Martineslə bərabər, “Yuventus” klubunun, İtaliya yığmasının və “Çelsi” klubunun sabiq baş məşqçisi Antonio Konte də “Real”ın hamisi vəzifəsinə namizəd olub. KİV-lər italiyalı mütəxəssisin daha çox şansı olduğunu yazıblar. Amma onun Madrid klubu ilə danışıqları uğursuzluqla nəticələnib. Yaxın günlər üçün nəzərdə tutulan matçlarda “Real”ın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq “Kastilya”nın məşqçisi Santyaqo Solari icra edəcək.